"Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi" publik hüquqi şəxsində hamiləliyin 30-cu həftəsində vaxtından əvvəl dünyaya gələn üçəm körpələrin müalicəsi uğurla başa çatıb.
Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, çəkiləri 800, 900 və 1100 qram olan iki oğlan və bir qız körpə doğuşdan sonra vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Yenidoğulmuşlar şöbəsinə yerləşdiriliblər.
Burada körpələrə müasir tibbi yanaşma əsasında intensiv müalicə, xüsusi qulluq və fasiləsiz nəzarət təmin olunub.
Körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə "Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası" publik hüquqi şəxsinə köçürülüblər.
Bu uğurlu nəticə vaxtından əvvəl doğulmuş körpələrin həyatının qorunmasında peşəkar tibbi xidmətin, düzgün müalicə taktikasının və fədakar tibb işçilərinin əməyinin əhəmiyyətini bir daha nümayiş etdirir.

