"Həkimlərimizi tanıyaq!" rubrikamızda təcrübəli terapevt Cəfərov Telman Səftər oğlunu oxuculara təqdim edirik.
O, 14 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1984-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1990-cı ildə institutu bitirdikdən sonra 1990–1991-ci illərdə Tovuz Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
1991–2004-cü illərdə Tovuz rayonunun Dönük Qırıqlı kənd xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərib.
T.Cəfərov 2004-cü ildən etibarən Tovuzun Alakol kəndində Kənd Həkim Məntəqəsinin müdiri və ailə həkimi kimi fəaliyyətini davam etdirir.
Onilliklər ərzində öz peşəsinə sədaqətlə xidmət edən Telman həkim neçə-neçə insanın sağlamlığının keşiyində dayanıb, kənd sakinlərinə tibbi yardım göstərib və öz səmimi münasibəti ilə insanların hörmət və rəğbətini qazanıb.
Həkimlik sadəcə bir peşə deyil – insan həyatına və sağlamlığına məsuliyyət, böyük səbir və fədakarlıq tələb edən müqəddəs bir missiyadır. Telman Səftər oğlu da uzun illərdir bu missiyanı layiqincə yerinə yetirir.

