4,5 kiloqram çəkidə olan 2 aylıq Günəş mürəkkəb anadangəlmə ürək qüsuru gətitildiyi xəstəxanada uğurlu əməliyyat keçirib.
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahı, professor Kamran Musayevin sözlərinə görə, körpəyə Total Anormal Pulmonar Venoz Dönüş Anomaliyası (TAPVD) diaqnozu qoyulub və mürəkkəb ürək əməliyyatı həyata keçirilib.
Professor bildirib ki, belə kiçik yaşda körpədə mürəkkəb ürək əməliyyatının aparılması özünəməxsus çətinliklərlə müşayiət olunur. Onun sözlərinə görə, əməliyyatın uğurlu nəticəsi ilə yanaşı, əməliyyatdan sonrakı dövrün problemsiz keçməsi də xüsusi əhəmiyyət daşıyır.
Əməliyyatdan cəmi 5 gün sonra Günəşin vəziyyəti yaxşı qiymətləndirilib və balaca pasiyent evə yola salınıb.
Kamran Musayev bu nəticənin əldə olunmasında əməyi olan bütün komanda üzvlərinə, həmkarlarına, anestezioloq və reanimatoloqlara, tibb bacılarına və digər tibb personalına təşəkkürünü bildirib. Professor, həmçinin onlara güvənən Günəşin ailəsinə xüsusi təşəkkürünü çatdırıb.
“Sağlam və xoşbəxt böyü, balaca Günəş”, – deyə professor Kamran Musayev qeyd edib.

