Diş minası insan orqanizminin ən sərt toxuması olsa da, onun özünü təbii şəkildə yeniləmək qabiliyyəti yoxdur. Bunun əsas səbəbi dişlərin formalaşması başa çatdıqdan sonra mina əmələ gətirən ameloblast hüceyrələrinin fəaliyyətini dayandırması və yox olmasıdır.
Aztibb.az "Life" portalına istinadən yazır ki, son dövrlərdə bu problemin həlli istiqamətində biomimetik, yəni təbiətin mexanizmlərini təqlid edən yeni materiallar əsasında tədqiqatlar aparılır. Peptidlər və kalsium-fosfat nanoklasterləri əsasında hazırlanmış xüsusi gellər diş minasının bərpası üçün perspektivli yanaşma kimi diqqət çəkir.
Bu texnologiyanın iş prinsipi tüpürcəkdəki minerallarla qarşılıqlı təsirə əsaslanır. Gel diş səthinə tətbiq edildikdən sonra mineral komponentlərin toplanmasına və mina kristallarına struktur baxımından bənzər qoruyucu təbəqənin formalaşmasına şərait yaradır.
Laboratoriya və in vitro tədqiqatlarda bu materialların diş minasındakı mikroskopik çatların və aşınmaların bərpasına kömək etdiyi göstərilib. İlkin nəticələrə əsasən, bu proses bir neçə gündən iki həftəyədək davam edə bilər.
Yeni yanaşma xüsusilə erkən mərhələdə aşkarlanan, hələ dolğu tələb etməyən mina zədələnmələrinin aradan qaldırılması və diş həssaslığının azaldılması baxımından əhəmiyyətli hesab olunur.
Tədqiqatlar biomimetik materialların gələcəkdə diş minasının qorunması və remineralizasiyası sahəsində yeni müalicə imkanları yarada biləcəyini göstərir. Bununla belə, laboratoriya şəraitində əldə edilən nəticələr texnologiyanın klinik praktikada effektivliyinin və uzunmüddətli təhlükəsizliyinin təsdiqlənməsi üçün kifayət deyil. Bu məqsədlə insanlarda genişmiqyaslı klinik tədqiqatlara ehtiyac var.

