"Science" jurnalında dərc olunan araşdırma hipertoniya ilə osteoartrit arasında əvvəllər düşünüləndən daha birbaşa əlaqə ola biləcəyini göstərib. Cənubi Koreyanın Çonnam Milli Universitetinin rəhbərliyi ilə aparılan tədqiqatda yüksək arterial təzyiqin qığırdaq itkisini sürətləndirə biləcəyi müəyyənləşdirilib.
Aztibb.az jurnalda dərc edilən məqaləyə istinadən yazır ki, alimlər yüksək təzyiq zamanı səviyyəsi artan arginin vazopressin (AVP) hormonu ilə onun AVPR1A reseptoru arasındakı əlaqəni araşdırıblar. Yaşlanma və ya zədələnmə nəticəsində oynaq qığırdağında bu reseptorun səviyyəsi artır və toxuma AVP-nin təsirinə daha həssas olur. Nəticədə qığırdaq toxumasının zədələnməsinə səbəb olan proseslər sürətlənə bilər.
Araşdırmada 45 yaşdan yuxarı 36 820 nəfərin tibbi məlumatları təhlil edilib. Yüksək təzyiqi olan şəxslərdə osteoartrit ehtimalının daha çox olduğu, əlaqənin xüsusilə qadınlarda və ağır diz zədələnməsi olan insanlarda daha güclü olduğu müəyyənləşdirilib.
Siçanlar üzərində aparılan təcrübələr də yüksək təzyiqin zədələnmiş oynaqlarda daha çox qığırdaq itkisi ilə əlaqəli olduğunu göstərib. Lakin sağlam oynaqlarda eyni təsir müşahidə edilməyib. AVPR1A reseptoru olmayan və ya onun fəaliyyəti dərmanla bloklanan siçanlarda isə qığırdaq zədələnməsinin azaldığı müəyyənləşdirilib.
Tədqiqatçılar AVP-AVPR1A siqnal yolunun gələcəkdə osteoartritin müalicəsində potensial hədəf ola biləcəyini bildirirlər. Bununla belə, mexanizmin insanlarda da eyni şəkildə işlədiyini təsdiqləmək üçün uzunmüddətli araşdırmalara ehtiyac var.
Dünyada osteoartritdən əziyyət çəkən insanların sayının 600 milyona yaxınlaşdığı bildirilir.

