Payız aylarında respirator virus infeksiyaları ilə yanaşı, bəzi dəri və allergik xəstəliklərin də əlamətləri kəskinləşə bilər. Virus infeksiyaları ilə allergik reaksiyaların əlamətləri müəyyən hallarda bir-birinə bənzəsə də, onların fərqləndirilməsində bəzi xüsusiyyətlərə diqqət yetirmək vacibdir. Subfebril hərarət, halsızlıq və baş ağrısı daha çox virus infeksiyalarında müşahidə olunur. Allergik reaksiyalarda isə xüsusilə tənəffüs çətinliyi və müəyyən qida, maddə və ya digər allergenlə təmasdan sonra simptomların güclənməsi xarakterikdir.
Bu barədə Aztibb.az-a ATU-nun Dermatovenerologiya kafedrasının assistenti Vahid Mahmudov məlumat verib.
O, bildirib ki, dəri xəstəlikləri arasında herpes infeksiyaları da xüsusi yer alır. Herpesin müxtəlif tipləri bədənin fərqli nahiyələrində özünü göstərə və müxtəlif əlamətlərlə müşayiət oluna bilər. Herpes infeksiyaları dalğavari xarakter daşıyır, simptomları müəyyən müddətdən sonra azalaraq yenidən kəskinləşə bilir.
Vahid Mahmudov qeyd edib ki, Kontakt dermatitə gəlincə, simptomlar allergenlə təmasdan sonra yarananır. Səbəb olan faktor aradan qaldırıldıqda, bəzi hallarda dəri reaksiyası əlavə müalicə olmadan da azala bilər. Payız aylarında ekzema, dermatit və digər dəri xəstəliklərinin kəskinləşməsinin əsas səbəbləri kimi hava və temperaturun sürətli dəyişməsi də rol oynayır. Soyuq və quru hava dərinin qurumasına səbəb olaraq xüsusilə ekzema və dermatitlərin əlamətlərini gücləndirə bilər.
"Dərinin quruluğunun qarşısını almaq üçün nəmləndirici vasitələrdən istifadə etmək vacibdir. Tərkibində A və E vitaminləri olan nəmləndirici əl kremlərindən istifadə dərinin quruluğunun və çatlamasının qarşısını almağa kömək edə bilər.
Soyuq hava ilə birbaşa təmasda olan nahiyələrdə, xüsusilə əllərdə dəri quruluğu daha çox müşahidə olunur. Bu səbəbdən həmin nahiyələrin qorunmasına diqqət yetirmək lazımdır, - deyə Vahid Mahmudov əlavə edib.
Onun sözlərinə görə, dəri xəstəlikləri və allergik reaksiyalar zamanı özbaşına dərman və məlhəm istifadəsi yolverilməzdir. Oxşar əlamətlərə malik müxtəlif dəri xəstəliklərinə düzgün diaqnoz qoyulmadan müalicəyə başlanıldıqda yanlış nəticələrə səbəb ola bilər. Xüsusilə tərkibində qlükokortikosteroidlər olan məlhəmlərin uzun müddət və həkim nəzarəti olmadan istifadəsi həm dəridə, həm də orqanizmdə arzuolunmaz yan təsirlər yarada bilər. Bu səbəbdən belə preparatların yalnız həkim məsləhəti və nəzarəti ilə tətbiqi tövsiyə olunur.
Vahid Mahmudov qeyd edib ki, payız mövsümündə psoriaz kimi xroniki dəri xəstəlikləri də kəskinləşə bilər. Psoriaz yoluxucu xəstəlik deyil və bir insandan digərinə keçmir. Xəstəlik zamanı qaşınma, qabıqlanma və dəridə müxtəlif dəyişikliklər müşahidə oluna bilər. Onun sözlərinə görə, psoriazın yaranma səbəbi tam müəyyən edilməsə də, genetik meyillilik, stress və müxtəlif xarici amillər xəstəliyin kəskinləşməsində rol oynaya bilər.
Ümumiyyətlə, respirator virus infeksiyalarından qorunmaq üçün insanların sıx olduğu məkanlarda qoruyucu tədbirlərə əməl etmək tövsiyə olunur. Bundan başqa, bu mövsümdə sağlamlığın qorunması üçün profilaktik tədbirlər, xüsusilə balanslı və vitaminlərlə zəngin qidalanma olduqca vacibdir.

