Azərbaycan Tibb Universitetinin (ATU) I Daxili xəstəliklər kafedrasının revmatologiya ixtisası üzrə həkim-rezidenti Rəşad Abızadə Serbiyanın Belqrad şəhərində keçirilən Avropa Lupus Cəmiyyətinin (SLEuro) IX Beynəlxalq Qabaqcıl Vorkşopunda iştirak edib.
Vorkşopda Sistemli Qırmızı Qurdeşənəyi (SQQE) zamanı oynaq zədələnmələri, lupus nefriti, hematoloji ağırlaşmalar və hamiləliyin planlaşdırılması kimi mürəkkəb klinik hallar üzrə interaktiv keys müzakirələri aparılıb. Həmçinin interferon biologiyası, B-hüceyrə hədəfli müalicələr, biomarker profillənməsi və qlükokortikoid dozalarının optimallaşdırılması mövzularında Avropanın aparıcı mütəxəssislərinin məruzələri dinlənilib.
Tədbir çərçivəsində Belqrad Revmatologiya İnstitutuna da səfər edən R.Abızadə stasionar və poliklinik şöbələrin fəaliyyəti, xəstələrin ambulator izlənməsi, pasiyentlərin marşrutlaşdırılması və multidissiplinar Lupus Klinikalarının təşkili modelləri ilə yaxından tanış olub.
Proqram müddətində gənc mütəxəssis Avropa Lupus Cəmiyyətinin prezidenti, professor Luis Ines ilə yanaşı, Padua və Lids universitetləri, Karolinska İnstitutunun professorları ilə də görüşərək təcrübə mübadiləsində iştirak edib.

