Beyləqan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən universal-proqressiv patronaj xidməti modelinin tətbiqi ilə bağlı təlim keçirilib.
Aztibb.az-a Beyləqan RMX-dan verilən xəbərə görə, təlimdə xəstəxananın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin, kənd həkim və kənd tibb məntəqələrinin həkim, tibb bacıları və mamalar iştirak ediblər.
Təlimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Ofeliya Salahova aparıb. Təlim zamanı universal-proqressiv patronaj xidmətinin məqsədləri, əhaliyə, xüsusilə ana və uşaqlara göstərilən ilkin tibbi xidmətin təşkili, patronaj ziyarətlərinin düzgün planlaşdırılması və risk qruplarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.
Həmçinin patronaj xidməti çərçivəsində tibb işçilərinin üzərinə düşən vəzifələr, əhali ilə düzgün ünsiyyətin qurulması, ehtiyacı olan şəxslərin vaxtında müəyyən edilərək müvafiq tibbi xidmətlərə yönləndirilməsi və xidmətin keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.
Təlim iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam etdirilib.

