I Naxçıvan Beynəlxalq Tibb Günlərinə start verilib
25.09.2026 10:04

Naxçıvan Dövlət Universitetinin (NDU) ev sahibliyi və təşkilatçılığı, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən I Naxçıvan Beynəlxalq Tibb Günlərinin açılış mərasimi baş tutub.

 

Aztibb.az AZƏRTAC-a istinadla bildirir ki, beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

 

Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Tədbirdə Avropa, Amerika və türk dövlətlərindən tanınmış alimlər, həkimlər, tibb sahəsinin mütəxəssisləri, rezident və tələbələr iştirak ediblər.

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin tibb sahəsi üzrə müxtəlif elmi və praktiki tədbirlər keçirməsinin ənənə halı aldığını diqqətə çatdırıb. Elbrus İsayev NDU-da tibb təhsilinin inkişaf mərhələlərindən söz açaraq universitetin Tibb fakültəsinin məzunlarının ölkədə və xaricdə uğurla fəaliyyət göstərmələrinin qürurverici olduğunu bildirib. Rektor müasir tələblərə cavab verən tibb təhsil modelinin formalaşdırılması, tibbin inkişafı və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb, bu sahədə həyata keçirilən layihə və təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

 

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxışında NDU ilə səhiyyə müəssisələri arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində NDU tələbələrinin muxtar respublikanın müxtəlif xəstəxanalarında praktiki təcrübə keçməsi, birgə maarifləndirici tədbirlərin təşkili və tibb sahəsində bilik mübadiləsinin aparılması regionda səhiyyənin inkişafına mühüm töhfə verir.

 

Tədbirdə Avrasiya Qastroenteroloji Dərnəyinin sədri Yasemin Balaban, Azərbaycan Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin prezidenti Lalə Allahverdiyeva, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimli, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İB-nin sədri Müşviq Həsənov və Qastrointestinal Cərrahi Dərnəyinin sədri Erdal Birol Bostancı da çıxış ediblər. Çıxışlarda I Naxçıvan Beynəlxalq Tibb Günlərinin tibb mütəxəssisləri, alimlər və tələbələr arasında təcrübə və elmi fikir mübadiləsinin aparılması, yeni tibbi yanaşmaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

Sonra tədbirin təşkilinə göstərilən dəstəyə görə bir sıra iştirakçılara təşəkkür plaketləri təqdim olunub.

I Naxçıvan Beynəlxalq Tibb Günlərinin açılış mərasimi NDU Konservatoriyasının müəllim və tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb.

 

Qeyd edək ki, I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidisiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, müxtəlif beynəlxalq kurslar, master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar, elmi təqdimatlar və tələbə sessiyaları keçiriləcək. Həmçinin üç gün ərzində ödənişsiz tibbi aksiyalar təşkil olunacaq. Tədbir çərçivəsində ümumi cərrahiyyə, onkologiya, endoskopiya, radiologiya, mama-ginekologiya, anesteziologiya və reanimatologiya, uşaq, plastik və rekonstruktiv cərrahiyyə və digər tibbi istiqamətlər üzrə aktual məsələlər müzakirə ediləcək.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim