62 yaşlı amerikalı Robert Pfleqhardt dostunun təsadüfi zarafatının ona döş xərçəngini vaxtında aşkarlamağa kömək etdiyini bildirib.
Aztibb.az xəbər verir ki, o, başına gələnləri "Daily Mirror" nəşri ilə bölüşüb.
Las-Veqasda subaylığın son gecəsi münasibətilə keçirilən məclis zamanı Pfleqhardtın dostu onunla zarafat etmək qərarına gəlib və məmə ucunu burub. Bundan sonra kişidə bir neçə həftə davam edən ağrı yaranıb. Ağrının keçmədiyini görən Pfleqhardt həkimə müraciət edib.
Müayinələr nəticəsində onun döş xərçənginə tutulduğu məlum olub. Xəstəlik artıq limfa düyünlərinə də yayılmağa başlayıb. Aparılan əməliyyat və şüa terapiyası kursundan sonra xəstəliyin inkişafını nəzarətə almaq mümkün olub. Hazırda xəstə remissiya vəziyyətindədir.
“Dostumla xərçəngi necə aşkarladığımızı xatırlayıb gülürük. Amma zarafatı bir kənara qoysaq, həmin hadisə o vaxt mənim həyatımı xilas etdi”, – deyə Pfleqhardt bildirib.
O, etiraf edib ki, əvvəlcə diaqnoza müəyyən istehza ilə yanaşıb. Çünki əsasən qadınlarla əlaqələndirilən bir xəstəliklə üzləşəcəyini heç gözləməyib.
Lakin döş xərçəngi kişilərdə də rast gəlinir. Sadəcə, qadınlarla müqayisədə kişilərdə bu xəstəliyin yaranma ehtimalı əhəmiyyətli dərəcədə aşağıdır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ABŞ-da döş xərçəngi hallarının təxminən hər 100-dən biri kişilərin payına düşür.

