Sentyabr ayı bütün dünyada Ümumdünya Leykemiya Maarifləndirmə Ayı kimi qeyd olunur. Bu çərçivədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-hematoloqu, II Daxili xəstəliklər kafedrasının assistenti Şəhla Şabanova hematologiyanın müxtəlif istiqamətlərini əhatə edən yerli və beynəlxalq elmi tədbirlərdə panelist və məruzəçi kimi iştirak edib.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, sentyabr ayı ərzində keçirilən elmi tədbirlərdə müasir hematologiyada yeni müalicə strategiyalarından geriatrik hematologiyaya, multipl mielomdan kök hüceyrə transplantasiyası və hüceyrəvi müalicələrə qədər geniş spektrli aktual mövzular müzakirə olunub.
Ş. Şabanova Azərbaycan Hematologiya Mütəxəssisləri və İctimai Birliyinin (AHMİB) İdarə Heyətinin üzvü kimi iştirak etdiyi elmi tədbirdə “XML-də yeni nəsil müalicə strategiyaları” mövzusunda müzakirələrə qatılıb.
Elmi fəaliyyətini Ankarada keçirilən XV Ulusal Geriatrik Hematoloji Konqresində davam etdirən Ş. Şabanova konqres çərçivəsində “Multipl mielom xəstələrində kövrəklik (frailty) şkalalarının toksiklik, sağqalım və müalicəyə uyğunluğa təsiri” mövzusunda keçirilən elmi sessiyada panelist kimi iştirak edib.
Şimali Kiprdə keçirilən V Kök Hüceyrə Transplantasiyası və Hüceyrəvi Müalicələr Konqresində də Ş. Şabanovanın məruzəsi dinlənilib. “Solid və neyroendokrin şişlərdə kök hüceyrə transplantasiyasına göstərişlər” mövzusunda təqdimatda kök hüceyrə transplantasiyasının ənənəvi hematoloji göstərişləri ilə yanaşı, seçilmiş solid və neyroendokrin şişlərdə tətbiq imkanları, müasir yanaşmalar, xəstə seçimi və bu istiqamətdə mövcud elmi perspektivlər barədə məlumat verilib.

