Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Yeni Klinikada fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzi vətəndaşlara həm icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində, həm də ödənişli əsaslarla xidmət göstərir.
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, 2025-ci ilin noyabrından 2026-cı ilin sentyabrınadək Mərkəzdə 4822 pasiyentə sığorta çərçivəsində 15 min 804 reabilitasiya xidməti göstərilib. Həmin dövrdə 3057 ödənişli xidmət təqdim olunub.
Mərkəzdə nevroloji, ortopedik-travmatoloji, kardioloji, pulmonoloji və pediatrik istiqamətlər üzrə reabilitasiya aparılır. Buraya insult və digər nevroloji xəstəliklərdən, travma və əməliyyatlardan sonrakı bərpa, dayaq-hərəkət sistemi problemləri, idman zədələri, eləcə də ürək-damar və tənəffüs sistemi xəstəlikləri üzrə xidmətlər daxildir.
Yerli mütəxəssislər hər pasiyentin vəziyyətinə uyğun reabilitasiya proqramı hazırlayırlar. Proqram çərçivəsində robotik texnologiyalardan istifadə etməklə yerişin, balansın, koordinasiyanın və ətrafların hərəkət funksiyalarının bərpasına yönəlmiş terapiyalar tətbiq olunur. Hazırda mərkəzdə gün ərzində 150–170 pasiyentə xidmət göstərilir.

