Gözlər bioloji yaşlanma sürətini göstərə bilər - Sİ araşdırması
25.09.2026 15:08

Cənubi Koreyada Seul Milli Universitetinin alimləri süni intellekt modelinin retina görüntüləri əsasında insanın yaşını orta hesabla 2,5–2,7 illik xəta ilə təxmin edə bildiyini müəyyənləşdirib.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, tədqiqatçılar bildirdiyinə görə, gözün arxa hissəsindən alınan retina görüntüləri bioloji yaşlanmanın qiymətləndirilməsi üçün sürətli və qeyri-invaziv üsula çevrilə bilər.

Araşdırma “retinal yaş fərqi” (RAG) adlandırılan yanaşmaya əsaslanır. Süni intellekt modeli retina görüntüsündən şəxsin yaşını təxmin edir və bu göstərici ilə onun faktiki yaşı arasındakı fərqi hesablayır. Alimlərin fikrincə, eyni xronoloji yaşda olan insanlar bioloji baxımdan eyni sürətlə qocalmaya bilər və bu fərqə genetika, ətraf mühit və həyat tərzi təsir göstərə bilər.

29 mindən çox retina görüntüsü təhlil edilib

Tədqiqatda 7 535 nəfərdən alınan 29 530 retina görüntüsündən modelin hazırlanması üçün istifadə olunub. Daha sonra sistem 7 416 fərqli şəxsin 14 832 görüntüsü üzərində sınaqdan keçirilib.

Süni intellekt insanın xronoloji yaşını orta hesabla 2,5–2,7 illik xəta ilə müəyyənləşdirib. Araşdırmada həm sağlam gözlərin, həm də retina və görmə siniri xəstəlikləri olan gözlərin görüntüləri nəzərdən keçirilib.

Bəzi xəstəliklərlə əlaqə müəyyənləşdirilib

Daha yüksək retina yaş fərqinin bəzi sağlamlıq və həyat tərzi amilləri ilə əlaqəli olduğu aşkarlanıb.

Diabet retina yaş fərqinin 2,52 il artması ilə əlaqələndirilib. Bu göstərici hazırda siqaret çəkənlərdə 0,50 il, əvvəllər siqaret çəkmiş şəxslərdə isə 0,46 il olub. Makula degenerasiyası 0,60 il, katarakt isə 1,86 illik fərqlə əlaqələndirilib.

Bununla belə, tədqiqatçılar bu nəticələrin səbəb-nəticə əlaqəsini göstərmədiyini xüsusi vurğulayırlar. Məsələn, kataraktla bağlı nəticənin gözün bulanıqlaşmasının retina görüntüsünün keyfiyyətinə təsiri ilə əlaqəli ola biləcəyi qeyd edilir.

Texnologiya hələ fərdi sağlamlıq testi deyil

Alimlər hesab edirlər ki, gələcəkdə bu texnologiya göz müayinələri zamanı bəzi sağlamlıq problemlərinin aşkarlanmasına kömək edə bilər. Lakin bunun üçün daha uzunmüddətli tədqiqatlara ehtiyac var.

Hazırkı mərhələdə sistem ayrı-ayrı insanların sağlamlıq risklərini müəyyənləşdirməkdən daha çox, cəmiyyətdə yaşlanma tendensiyalarının öyrənilməsi üçün uyğun hesab olunur.

Texnologiyanın həqiqətən bioloji yaşlanmanı ölçüb-ölçmədiyini müəyyənləşdirmək üçün insanların uzun illər ərzində izlənilməsi və nəticələrin digər bioloji yaşlanma göstəriciləri ilə müqayisə edilməsi tələb olunur.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim