Səssiz irəliləyən qalxanabənzər vəz düyünlərinə diqqət - Müalicədə əsas yanaşma
23.09.2026 09:44

Qalxanabənzər vəz düyünləri və xərçəng əksər hallarda başqa səbəblərlə aparılan müayinələr zamanı təsadüfən aşkarlanır. Görüntüləmə texnologiyalarının inkişafı isə xəstəliyin daha erkən mərhələdə müəyyən edilməsinə imkan verir.

Aztibb.az "Medikforum"a istinadən yazır ki, qalxanabənzər vəz xərçəngi ilkin mərhələdə heç bir əlamət yaratmaya və uzun müddət səssiz şəkildə inkişaf edə bilər. Bəzi hallarda isə boyunda böyümə hissi, səs batması, udma və nəfəsalma çətinliyi, keçməyən öskürək kimi əlamətlər müşahidə olunur.

Xəstəlik xüsusilə ailəsində qalxanabənzər vəz xərçəngi olan, radiasiyaya məruz qalan və 40 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Uşaqlıq dövründə yüksək dozada radiasiyaya məruz qalmaq da risk faktorlarından biridir. Nüvə qəzalarından uzun illər, hətta 40 il sonra belə xəstəlik hallarının qeydə alındığı bildirilir.

Diaqnoz zamanı boyun müayinəsi, ultrasəs, KT, MRT və PET-KT kimi görüntüləmə üsullarından istifadə olunur. Şişin böyümə sürəti fərqli ola bilər.

Müalicədə əsas yanaşma cərrahiyyədir

Qalxanabənzər vəz xərçənginin müalicəsi xəstəliyin növü, mərhələsi və yayılma dərəcəsindən asılıdır. Əsas müalicə üsulu cərrahi müdaxilədir. Bu zaman vəzin bir hissəsi və ya tamamilə çıxarıla bilər. Zərurət olduqda limfa düyünlərinə də müdaxilə edilir.

Ölçüsü 1 santimetrdən kiçik, bir payla məhdudlaşan və limfa düyünlərinə yayılmayan bəzi şişlərdə yalnız həmin payın çıxarılması kifayət edə bilər. Çox kiçik və aşağı riskli düyünlər isə mütəxəssis nəzarəti altında aktiv izlənilə bilər.

Cərrahiyyədən sonra xəstələrə qalxanabənzər vəz hormonları təyin edilir. Bəzi hallarda mütəxəssis qərarı ilə radioaktiv yod müalicəsinə də ehtiyac yarana bilər. İrəliləmiş hallarda isə xəstəliyin gedişini ləngitmək məqsədilə yeni nəsil dərmanlardan istifadə olunur.

Müalicədən sonra müntəzəm tibbi nəzarət xüsusi əhəmiyyət daşıyır. Çünki xəstəlik uğurla müalicə olunsa belə, bəzi hallarda illər sonra yenidən ortaya çıxa bilər. Bu səbəbdən fiziki müayinə, qan analizləri və görüntüləmə müayinələri, eləcə də qalxanabənzər vəz hormonlarının mütəmadi yoxlanılması vacibdir.

Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR