Dünyada hər 3 saniyədə bir insanda demensiya inkişaf edir
23.09.2026 12:16

Dünyada 55-57 milyon insanın demensiya ilə yaşadığı, təxminən hər 3 saniyədə bir insanda demensiyanın inkişaf etdiyi bildirilir. Alzheimer xəstəliyi və demensiya ictimai sağlamlığa təsir edən mühüm problemlər sırasında yer alır.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, tədqiqatlara görə, dünyada 55-57 milyon civarında demensiya xəstəsi var. Alzheimer xəstəliyi isə demensiyanın ən geniş yayılmış forması olmaqla, bütün halların təxminən 60-70 faizini təşkil edir.

Qeyd olunur ki, Alzheimer xəstəliyi beyin hüceyrələrində zamanla yaranan zədələnmələr nəticəsində inkişaf edən xroniki və proqressiv xəstəlikdir. Xəstəlik irəlilədikcə beyin funksiyaları zəifləyir, insanın danışmaq, qərar vermək və gündəlik həyatını müstəqil şəkildə davam etdirmək qabiliyyəti tədricən itə bilər.

Demensiya və Alzheimer xəstəliyindən qorunmaq üçün nə etmək olar?

Mütəxəssislər demensiya və Alzheimer xəstəliyi ilə əlaqəli risk faktorlarının bir qisminin dəyişdirilə bilmədiyini, bunlara ailə xəstəlik tarixçəsi və cins kimi amillərin daxil olduğunu bildirir.

Bununla yanaşı, yüksək arterial təzyiq, yüksək xolesterin, piylənmə, 2-ci tip diabet, tütün və tütün məmulatlarından istifadə, alkoqol qəbulu, fiziki hərəkətsizlik və zehni passivlik kimi dəyişdirilə bilən risk faktorlarının da xəstəliyin inkişafında rol oynaya biləcəyi qeyd edilib.

Sağlam həyat tərzinin formalaşdırılması və risk faktorlarının azaldılması xəstəliyin qarşısının alınmasına, gecikdirilməsinə və ya təsirlərinin azaldılmasına kömək edə bilər. Araşdırmalar göstərir ki, dəyişdirilə bilən risk faktorlarına qarşı düzgün müdaxilələr demensiya hallarının 45 faizinin qarşısının alınmasına və ya gecikdirilməsinə imkan verə bilər.

Demensiya və Alzheimer xəstəliyindən qorunmaq üçün zehni aktivliyi artıran fəaliyyətlərə üstünlük vermək, müntəzəm fiziki aktiv olmaq, sağlam və balanslı qidalanmaq, sosial əlaqələri qorumaq, həmçinin arterial təzyiq, xolesterin və qan şəkərini mütəmadi nəzarətdə saxlamaq tövsiyə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR