Bəzi qida əlavələri hipertoniya və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir - Tədqiqat təsdiqlədi
23.09.2026 08:07

Fransada 112 395 nəfərin iştirakı ilə aparılan genişmiqyaslı araşdırma bəzi qida konservantlarının yüksək istehlakı ilə arterial hipertenziya və ürək-damar xəstəlikləri arasında statistik əlaqə olduğunu göstərib.

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "European Heart Journal" nəşrində dərc olunub.

İştirakçılar hər altı aydan bir üç gün ərzində qəbul etdikləri bütün qida və içkiləri qeyd ediblər. Onların sağlamlıq vəziyyəti orta hesabla 7–8 il ərzində izlənilib. Bu müddətdə hipertoniya, infarkt, insult və stenokardiya hallarına nəzarət edilib.

Araşdırmaya görə, qeyri-antioksidant konservantları ən çox qəbul edən şəxslərdə hipertoniya riski ən az qəbul edənlərlə müqayisədə 29%, ürək-damar xəstəlikləri riski isə 16% yüksək olub. Antioksidant konservantların yüksək istehlakı da hipertoniya riskinin 22% artması ilə əlaqələndirilib.

Tədqiqatçılar iştirakçılar arasında ən çox istifadə olunan 17 konservantı ayrıca təhlil edib və onlardan 8-nin yüksək arterial təzyiq riski ilə əlaqəli olduğunu müəyyənləşdiriblər. Bunlar kalium sorbat (E202), kalium metabisulfit (E224), natrium nitrit (E250), askorbin turşusu (E300), natrium askorbat (E301), natrium eritorbat (E316), limon turşusu (E330) və rozmarin ekstraktlarıdır (E392). Askorbin turşusu (E300) həmçinin ürək-damar xəstəlikləri ilə əlaqələndirilib.

Alimlərin fikrincə, mümkün mexanizmlərdən biri oksidləşdirici stress ola bilər. Bundan başqa, konservantların qan şəkərinin tənzimlənməsində və maddələr mübadiləsində mühüm rol oynayan mədəaltı vəzin fəaliyyətinə mümkün təsiri də araşdırılır. Lakin bu mexanizmlər hazırkı insan tədqiqatı ilə təsdiqlənməyib.

Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, araşdırma müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini sübut etmir. Yəni müəyyən konservantların istifadəsinin mütləq hipertoniya və ya ürək-damar xəstəliyinə səbəb olduğu nəticəsinə gəlmək olmaz. Tədqiqat yalnız onların istehlakı ilə xəstəlik riski arasında statistik əlaqəni göstərir.

Tədqiqat müəllifləri qida əlavələrinin təhlükəsizliyinin tənzimləyici qurumlar tərəfindən yenidən qiymətləndirilməsinin vacibliyini bildirirlər. Onlar həmçinin mümkün qədər təbii və minimal emal olunmuş məhsullara üstünlük verilməsini, lazımsız qida əlavələrindən isə uzaq durulmasını tövsiyə edən mövcud yanaşmaların nəticələrlə uyğun olduğunu qeyd edirlər.

Alimlər növbəti mərhələdə bu əlaqələrin mümkün bioloji mexanizmlərini daha ətraflı araşdırmağı planlaşdırırlar. Xüsusilə qida əlavələrinin və ultraemal olunmuş məhsulların iltihabi proseslərə, oksidləşdirici stressə, qanın metabolik göstəricilərinə və bağırsaq mikrobiotasına təsiri öyrənilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR