ÜST Avropa Şərq Tərəfdaşlığı (EaP) ölkələrini “Səhiyyə işçi qüvvəsinin saxlanılması və rifahı üzrə Regional Siyasi Dialoq” çərçivəsində bir araya gətirib. Tədbirdə güclü və gələcəyə hazır səhiyyə sistemlərinin əsasını təşkil edən dayanıqlı səhiyyə işçi qüvvəsinin formalaşdırılması və işçi qüvvəsinin saxlanılması məsələləri müzakirə olunub.
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən bildirilib.
Tədbir ÜST-nin Avropa Regional Ofisinin Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində səhiyyənin dayanıqlılığının dəstəklənməsi” təşəbbüsü çərçivəsində təşkil olunub. Təşəbbüs ölkələrə dayanıqlı və davamlı səhiyyə sistemlərinin gücləndirilməsində dəstək göstərir.
Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak edərək ölkədə həyata keçirilən səhiyyə işçi qüvvəsi sahəsində həyata keçirilən islahatlar, əldə olunan nəticələr və qarşıda duran yeni prioritetlər barədə təqdimatla çıxış edib.
Təqdimat zamanı səhiyyə işçi qüvvəsinin planlaşdırılması və saxlanılması istiqamətində görülən işlər, eləcə də növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan prioritet fəaliyyətlər üzrə fəaliyyət planının hazırlanması ilə bağlı yanaşmalar təqdim edilib.
Tədbir Azərbaycan üçün digər Şərq Tərəfdaşlığı ölkələrinin təcrübələrini öyrənmək, mövcud çağırışları və mümkün həlləri müzakirə etmək, həmçinin səhiyyə işçi qüvvəsinin dayanıqlılığının gücləndirilməsi istiqamətində regional əməkdaşlığı inkişaf etdirmək baxımından mühüm platforma olub.

