Konqo Demokratik Respublikasında Ebola virusuna qarşı peyvəndin hazırda yayılan ştamma təsirinin müəyyənləşdirilməsi məqsədilə klinik sınaqlara başlanılıb. İlk mərhələdə ön cəbhədə çalışan könüllülərə peyvənd vurulub.
Aztibb.az "AFRO News"a istinadən yazır ki, sınaq çərçivəsində 9–12 ay ərzində 20 min könüllüyə “Ervebo” peyvəndinin vurulması planlaşdırılır. Tədqiqatın əsas məqsədi peyvəndin hazırkı epidemiyaya səbəb olan “Bundibuqyo” ştammına qarşı qoruyuculuğunu müəyyən etməkdir. Peyvəndin “Zair” ştammına qarşı effektivliyi isə daha əvvəl təsdiqlənib.
Konqo Demokratik Respublikası tarixində 17-ci Ebola epidemiyası ilə üzləşib. Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun son məlumatına görə, epidemiya nəticəsində 3639 nəfər ölüb, 7541 nəfər virusa yoluxub, 1823 nəfər isə sağalıb. Virus hazırda ölkənin yeddi vilayətində yayılıb.
Avqust ayında Konqo Demokratik Respublikasına “Ervebo” peyvəndinin təxminən 70 min dozası ayrılıb. Ölkənin səhiyyə rəsmisi Stiv Ahukanın sözlərinə görə, peyvəndin “Zair” ştammına qarşı effektivliyi məlum olsa da, onun “Bundibuqyo” ştammına qarşı nə dərəcədə təsirli olduğu hələ müəyyən edilməyib.

