Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında “Məişət zorakılığına qarşı birlikdə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.
Bildirilib ki, orta tibb işçilərinin iştirakı ilə təşkil olunan tədbirin məqsədi məişət zorakılığının formaları və risk əlamətləri, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi, eləcə də mövcud sosial-hüquqi dəstək mexanizmləri barədə məlumatlılığın artırılması olub. Tədbirdə zorakılıqla üzləşmiş şəxslərin vaxtında müəyyənləşdirilməsi və müvafiq xidmətlərə yönləndirilməsində səhiyyə işçilərinin roluna xüsusi diqqət yetirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova məişət zorakılığının insanın fiziki və psixoloji sağlamlığına ciddi təsir göstərən tibbi-sosial problem olduğunu bildirib. O, zorakılıq əlamətlərinin vaxtında müəyyən edilməsində, zərərçəkmiş şəxsin təhlükəsizliyinin qiymətləndirilməsində və aidiyyəti xidmətlərə yönləndirilməsində tibb işçilərinin mühüm rolunu vurğulayıb.
Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova isə məişət zorakılığının xüsusilə qadın və uşaqların sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına uzunmüddətli təsir göstərdiyini qeyd edib. O, səhiyyə işçilərinin belə hallara həssas yanaşmasının, zərərçəkmiş şəxslərlə düzgün ünsiyyət qurmasının və məxfiliyi qorumasının vacibliyini diqqətə çatdırıb.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin həmsədri, təlimçi Günel Ələkbərova “Məişət zorakılığının formaları və zərərçəkmiş şəxslərə sosial dəstək mexanizmləri” mövzusunda çıxış edib. O, fiziki, psixoloji, iqtisadi və cinsi zorakılığın xüsusiyyətləri, ilkin əlamətləri və zərərçəkmiş şəxslər üçün mövcud sosial dəstək imkanları barədə məlumat verib.
Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Şəfa Xudiyeva “Məişət zorakılığına səhiyyə prizmasından baxış” mövzusunda təqdimatla çıxış edərək belə halların hüquqi tərəflərindən, müdafiə mexanizmlərindən və müraciət qaydalarından danışıb. O, səhiyyə işçilərinin qanunvericiliyin və peşə etikası normalarının tələblərinə uyğun davranmasının əhəmiyyətini qeyd edib.
Həkim-terapevt Gülşən Hüseynova “Zorakılığın qarşısının alınmasında ailə və cəmiyyətin rolu” mövzusunda çıxış edib. Bildirilib ki, sağlam ailə münasibətlərinin və qarşılıqlı hörmət mühitinin formalaşdırılması, həmçinin cəmiyyətin bu məsələyə həssaslığının artırılması zorakılığın qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Psixoloq Lalə Zeynallı “Məişət zorakılığında zərərçəkmiş şəxslə düzgün ünsiyyət” mövzusunda danışaraq şəxsin mühakimə edilmədən dinlənilməsi, ona həssas yanaşılması, məxfiliyin qorunması və təhlükəsiz ünsiyyət mühitinin yaradılması ilə bağlı tövsiyələrini bölüşüb.
Sonda iştirakçıların sualları cavablandırılıb, müxtəlif situasiyalarda tibb işçilərinin davranış prinsipləri müzakirə olunub və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

