Alimlər qocalmanın qarşısını almaq üçün çox mühüm bir kəşfə imza atıblar.
Aztibb.az-ın www.sciencedaily.com-a istinadla məlumatına görə, ABŞ tədqiqatçıları müəyyən ediblər ki, orqanizmdə PD-L2 adlı xüsusi bir zülal var. Bu zülal qocalmış hüceyrələri bədənin immun sistemindən gizlədir.
Zədələnmiş bu "qocalmış hüceyrələr" bölünməyi dayandırır, amma ölmürlər. Əksinə, illərlə toxumalarda yığılıb qalır, iltihab yaradır və müxtəlif yaşlanma xəstəliklərinə zəmin hazırlayırlar. İnsan hüceyrələri üzərində aparılan araşdırmalar da göstərib ki, yaş artdıqca insan bədənində bu zülalın miqdarı çoxalır.
Məhz bu məqamda alimlər ümidverici nəticə əldə ediblər. Laboratoriya şəraitində siçanlar üzərində aparılan sınaqlarda həmin zülal bloklanıb və ya xaric edilib. Nəticədə təsirli mənzərə ortaya çıxıb: qocalmış hüceyrələrin sayı azalıb. İltihab yaradan maddələrin səviyyəsi aşağı düşüb. Siçanların şəkər mübadiləsi yaxşılaşıb və fiziki gücü artıb.
İndi növbəti əsas mərhələ bu üsulun insanlar üzərində sınaqdan keçirilməsidir. Tədqiqatçılar ümid edirlər ki, yaxın gələcəkdə bu zülalı bloklayan dərmanlar sayəsində immun sisteminə kömək etmək və qocalma ilə bağlı sağlamlıq problemlərinin qarşısını almaq mümkün olacaq.

