Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin bir qrup əməkdaşı İsmayıllı rayonunun Talıstan kəndində şəhid Cavidan Bədəlovun anım mərasimində iştirak edib.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, anım mərasimində əvvəlcə şəhidin məzarı ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra fakültənin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşüblər.
Görüş zamanı Cavidan Bədəlovun Vətənin ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu, göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açılıb. Şəhid ailəsinə ehtiram ifadə olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
Mərasimdə şəhidlərin xatirəsinin daim yaşadılmasının, onların həyat və döyüş yolunun gənc nəslə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Cavidan Bədəlovun əziz xatirəsi ehtiramla yad edilərək, onun Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağı bildirilib.

