Ənənəvi Çin təbabətində (ƏÇT) “detoks” anlayışı orqanizmin müxtəlif intensiv üsullarla toksinlərdən təmizlənməsindən daha çox, bədənin təbii tarazlığının qorunması ilə əlaqələndirilir.
Aztibb.az "The Epoch Times"a istinadən yazır ki, mütəxəssis Çen Tsyun-ju bildirir ki, bu yanaşmada “toksinlər” yalnız zərərli maddələri deyil, orqanizmin daxili balansını poza bilən müxtəlif amilləri ifadə edir. Buna görə də müalicədə ümumi detoks proqramından deyil, insanın konkret probleminin müəyyənləşdirilməsindən və orqanizmin təbii proseslərinin dəstəklənməsindən istifadə olunur.
Ənənəvi Çin təbabətinə görə, qidalanma, yuxu və fiziki aktivliyin vaxtı da əhəmiyyət daşıyır. “Meridian saatları” sistemində orqanizmdəki 12 əsas meridianın hər biri günün müəyyən iki saatlıq dövrü ilə əlaqələndirilir.
Məsələn, 07:00–09:00 aralığı mədə meridianının aktivliyi ilə əlaqələndirilir və bu dövr səhər yeməyi üçün əlverişli hesab olunur. 23:00–03:00 arasında isə qaraciyər və öd kisəsi meridianlarının daha aktiv olduğu qəbul edilir və bu səbəbdən həmin saatlarda yuxuda olmaq tövsiyə olunur.
15:00–17:00 dövrü sidik kisəsi meridianı ilə əlaqələndirilir. Mütəxəssis bu vaxt bel və kürək əzələlərini gücləndirən hərəkətləri, o cümlədən “Supermen” məşqini tövsiyə edir. Bununla belə, məşqlərin müntəzəmliyi və düzgün texnika konkret vaxta riayət etməkdən daha vacib hesab olunur.
“Supermen” hərəkəti bel, sağrı, qarın və budun arxa əzələlərini işlədir, onurğanın sabitliyini və bədən duruşuna nəzarəti yaxşılaşdırmağa kömək edə bilər. Xüsusilə uzun müddət oturan və ekran qarşısında işləyən insanlar üçün bu tip hərəkətlər faydalı ola bilər.
ƏÇT-nin yanaşmasına əsasən, detoksifikasiya ayrıca həyata keçirilməli olan qısa müddətli prosedur deyil, orqanizmdə tarazlığın davamlı şəkildə qorunması prosesidir. Bu məqsədlə qidalanma, fiziki aktivlik, yuxu rejimi, akupunktur və bitki mənşəli vasitələrdən istifadə edilə bilər.

