Kompüter və ya telefon klaviaturası ilə yazmaq əvəzinə əl ilə yazmağın beyin fəaliyyəti üçün mühüm idrak faydaları var. Alimlər gündəlik həyatda bu sadə vərdişin düşüncə tərzimizə və yaddaşımıza müsbət təsir etdiyini bildiriblər.
Aztibb.az xəbər verir ki, “The İndependent” nəşrinin məlumatına görə, Norveç Elm və Texnologiya Universitetindən professoru Audrey van der Meer və digər tədqiqatçıların 36 universitet tələbəsi üzərində apardığı araşdırma zamanı məlum olub ki, klaviatura ilə yazarkən beyin yeni məlumatları tam mənimsəmir. Lakin əl ilə yazma bacarığı beyin bölgələri arasındakı əlaqələri gücləndirərək yeni məlumatları yadda saxlamağa şərait yaradır. Əl ilə yazmaq klaviaturada yazmağa nisbətən daha yavaş olduğu üçün insanlara düşüncələrini daha şüurlu şəkildə formalaşdırmağa, yaradıcı və tənqidi təhlil aparmağa imkan verir.
Tufts Universitetinin araşdırmasına görə, əllə alınan qeydlər və çəkilən rəsmlər insanların anlayışları daha yaxşı vizuallaşdırmasına kömək edir. Bu da xüsusilə qeydlərini nəzərdən keçirən tələbələrin konseptual suallarda daha yüksək nəticə göstərməsinə gətirib çıxarır. Düzgün hərfləri yaza bilmək üçün hər barmağın fərqli hərəkət etməsi və qələmə tətbiq olunan təzyiq tək tuşa basmaqdan daha çox səy tələb edir. Bundan əlavə, əl yazısının ritmik tərəfi (məsələn, xəttatlıq) stresi azaltmağa və ürək döyüntüsünü tənzimləməyə kömək edir.
Bəs gündəlik həyatda əl ilə yazmağı necə artırmaq olar? Çantada həmişə bir dəftər və qələm daşımaq yaxşı olar. Oxuma vərdişimizi artıraraq lüğətimizi zənginləşdirmək lazımdır. Hər gün sadəcə 20 dəqiqə belə olsa məktub, şeir və ya ediləcəklər siyahısı hazırlayaraq yaradıcı yazıya da vaxt ayırmaq mümkündür.

