Məktəbə başlamazdan əvvəl mütləq edilməli olan sağlamlıq yoxlanışları
06.09.2026 13:24

Məktəbə başlamazdan əvvəl uşağın hərtərəfli tibbi müayinədən keçirilməsi, fərq edilməyən sağlamlıq problemlərinin erkən aşkarlanmasına və onun təhsil həyatına daha sağlam başlamasına kömək edir.

Aztibb.az "Haber Türk"ə istinadən yazır ki, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. İmre Gökyarın sözlərinə görə, məktəbəqədər dövr uşağın fiziki, zehni, sosial və akademik inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bu mərhələdə aparılan tibbi qiymətləndirmə yalnız mövcud xəstəliklərin müəyyənləşdirilməsi deyil, gələcəkdə öyrənmə və məktəb uğuruna təsir göstərə biləcək problemlərin də erkən aşkarlanması baxımından vacibdir.

Boy və çəki qiymətləndirilməlidir

Müayinədə uşağın boyu, çəkisi, bədən kütlə indeksi və böyümə göstəriciləri dəyərləndirilməlidir. Təkcə uşağın yaşıdlarına nisbətən boy və çəkisinin normal olub-olmaması deyil, zaman ərzində böyümə dinamikası da nəzərə alınmalıdır. Yavaş boy və çəki artımı qidalanma problemlərinin və ya xroniki xəstəliklərin ilkin əlaməti ola bilər. Artıq çəki və piylənmə isə gələcəkdə diabet və hipertoniya kimi metabolik problemlərin riskini artırır.

Görmə və eşitmə müayinəsi

Uşaqlar görmə və eşitmə problemlərini hər zaman ifad edə bilmirlər. Görmə qüsurları və göz tənbəlliyi vaxtında aşkarlanmadıqda lövhəni izləmək, oxumaq, yazmaq və dərsə diqqət yetirmək çətinləşə bilər.

Yüngül və ya birtərəfli eşitmə itkisi də ailənin diqqətindən yayına bilər. Bu problemlər uşağın müəllimin tapşırıqlarını anlamasına, ünsiyyətinə, dil inkişafına və təhsil göstəricilərinə mənfi təsir göstərə bilər.

Dəmir çatışmazlığı və qidalanma

Məktəbəqədər dövrdə sürətli böyümə səbəbindən dəmirə olan tələbat artır. Seçici qidalanan və dəmirlə zəngin qidaları kifayət qədər qəbul etməyən uşaqlarda dəmir çatışmazlığı qiymətləndirilməlidir. Dəmir çatışmazlığı yalnız qanazlığına deyil, diqqət, öyrənmə, enerji səviyyəsi və koqnitiv fəaliyyətlə bağlı problemlərə də səbəb ola bilər.

Bütün uşaqlara rutin şəkildə geniş qan analizləri və vitamin-mineral testləri aparmaq əvəzinə, müayinənin və analizlərin zəruriliyi pediatr tərəfindən uşağın qidalanması, böyüməsi və klinik əlamətlərinə əsasən müəyyənləşdirilməlidir.

Ağız və diş sağlamlığı

Süd dişləri müvəqqəti olsa da, onların sağlamlığı çox vacibdir. Müalicə olunmayan kariyes ağrı, qidalanma və yuxu problemlərinə səbəb ola bilər. Buna görə məktəbəqədər dövrdə stomatoloji müayinə də ümumi sağlamlıq yoxlanışının bir hissəsi olmalıdır.

Yuxu və ekran vaxtına diqqət

Uşağın yuxusunun müddəti və keyfiyyəti, ekran qarşısında keçirdiyi vaxt, fiziki aktivliyi və davranışları da qiymətləndirilməlidir. Yuxu çatışmazlığı və ekran qarşısında həddindən artıq vaxt keçirmək diqqət, öyrənmə, davranış və sosial ünsiyyətə mənfi təsir göstərə bilər.

“Aktivdir”, “diqqəti dağınıqdır” və ya “sözə qulaq asmır” kimi qiymətləndirilən uşaqlarda ilk növbədə yuxu rejimi, ekran istifadəsi, görmə və eşitmə kimi əsas sağlamlıq məsələləri araşdırılmalıdır.

Peyvəndlər və ümumi fiziki müayinə

Məktəbəqədər müayinə zamanı uşağın peyvəndlərinin yaşına uyğunluğu və tibbi sənədləri də nəzərdən keçirilməlidir. Gecikmiş və ya çatışmayan peyvəndlər varsa, onlar müvafiq qaydada tamamlanmalıdır.

Bundan əlavə, uşağın başdan-ayağa ümumi fiziki müayinəsi aparılmalı, ürək və ağciyərlər, qarın boşluğu, onurğa və dayaq-hərəkət sistemi, dəri, limfa düyünləri və nevroloji inkişaf qiymətləndirilməlidir.

Mütəxəssislər bildirirlər ki, məktəbəqədər sağlamlıq müayinəsi yalnız uşağın xəstə olub-olmadığını müəyyənləşdirmək üçün deyil, onun məktəb həyatına fiziki, zehni və sosial baxımdan mümkün qədər sağlam başlamasını təmin etmək üçün vacibdir. Bir çox sağlamlıq problemi erkən aşkarlandıqda uşağın təhsilinə və həyat keyfiyyətinə təsir etmədən vaxtında qiymətləndirilə və müalicə oluna bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır