Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub
05.09.2026 15:37

Bakıda türkcə danışan ölkələrin travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılış mərasimi keçirilib.

 

Azərbaycan Ortopediya Cəmiyyəti (AOC), Türkiyə Travmatoloq və Ortopedlər Birlikləri Dərnəyi (TOTBİD) və Türkcə Danışan Ölkələr Travmatoloq və Ortopedlər Cəmiyyətinin (TÜRKOT) birgə təşkilatçılığı ilə keçirilən konqresin əsas məqsədi türkdilli ölkələr arasında səhiyyə sahəsində elmi-praktik əməkdaşlığın inkişaf etdirilməsi, travmatologiya və ortopediya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması, eləcə də ortaq elmi təşəbbüslərin təşviq edilməsidir.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, konqresdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprlə yanaşı, ABŞ, Almaniya, Rusiya, Şimali Makedoniya, Yunanıstan və Bolqarıstandan türkəsilli nümayəndələr iştirak edirlər.

 

Konqresin Azərbaycanda keçirilməsi ölkəmizin səhiyyə və elm sahəsində beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, regional əməkdaşlığın genişlənməsinə və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

 

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Ortopediya Cəmiyyətinin sədri Aydın Qəhrəmanov bildirib ki, Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin konqresinin keçirilməsi Azərbaycan travmatoloq və ortopedlər ailəsi üçün əlamətdar hadisədir. O, konqresin Türk dünyası mütəxəssislərinin həmrəyliyinin və ortaq elmi baxışının göstəricisi olduğunu qeyd edərək, tədbirin Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

 

A.Qəhrəmanov Azərbaycan səhiyyəsinin son illərdə mühüm inkişaf yolu keçdiyini vurğulayaraq, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin bu prosesdə xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, travmatologiya və ortopediya səhiyyənin ən dinamik inkişaf edən sahələrindəndir. Robotik cərrahiyyə, süni intellekt və yeni cərrahi üsullar kimi innovasiyalar müalicənin keyfiyyətinin yüksəldilməsinə imkan verir.

 

Cəmiyyət sədri qeyd edib ki, konqres çərçivəsində yeni texnologiya və müalicə üsullarının paylaşılması ilə yanaşı, gənc travmatoloq-ortopedlərin yetişdirilməsinə də xüsusi diqqət yetirilir. O, tədbirin Türk dünyası mütəxəssisləri arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, həmçinin yeni elmi-tədqiqat layihələrinin başlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Türk dünyasının tanınmış mütəxəssislərinin Azərbaycanda bir araya gəlməsinin müasir ortopediya və travmatologiyanın aktual problemlərinin müzakirəsi və bu sahələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Ə.Əmiraslanov qeyd edib ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyənin müxtəlif istiqamətləri üzrə keçirilən konqreslər Azərbaycan tibb ictimaiyyəti üçün mühüm hadisələrdir.

 

O bildirib ki, konqresdə Türk dünyası, eləcə də dünya miqyasında tanınan yüksəkixtisaslı mütəxəssislərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Onların azərbaycanlı həmkarları ilə bilik və təcrübə mübadiləsi aparması, müasir ortopediya və travmatologiyanın qarşısında duran problemləri müzakirə etməsi bu sahələrin ölkəmizdə daha sürətli inkişafına təkan verəcək.

 

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türk dünyasının müxtəlif ölkələrindən ortopediya və travmatologiya üzrə mütəxəssislərin Bakıda bir araya gəlməsinin həm peşəkar əməkdaşlığın, həm də Türk dünyasında həmrəyliyin mühüm göstəricisi olduğunu diqqətə çatdırıb.

 

Səfir bildirib ki, Türk dünyasının müxtəlif şəhərlərindən gələn həkimlərin belə tədbirlərdə bir araya gəlməsi təcrübə mübadiləsi, elmi əməkdaşlıq və peşəkar əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür təşəbbüslər Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyonunda nəzərdə tutulan həmrəylik, təcrübə mübadiləsi və əməkdaşlıq məqsədlərinə də xidmət edir.

 

Azərbaycanın Türk dünyasında xüsusi yerə malik olduğunu vurğulayan Birol Akgün Bakının da bu baxımdan mühüm mərkəzlərdən birinə çevrildiyini diqqətə çatdırıb.

 

Digər çıxış edənlər konqresin həm Azərbaycan səhiyyəsi, həm də Türk dünyasının ortopediya və travmatologiya sahəsində əməkdaşlığı üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Türk dünyasının müxtəlif ölkələrindən olan mütəxəssislərin bir araya gəlməsi ortaq elmi inkişafa və peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verir.

 

Tədbir çərçivəsində bir sıra türkdilli ölkələrin müvafiq təşkilatları arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

 

Konqres panel müzakirələrlə davam edib.

 

Türkcə danışan ölkələrin travmatoloq və ortopedlərinin beynəlxalq konqresi öz işini sentyabrın 5-də yekunlaşdıracaq.

 
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir