Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
03.09.2026 14:02

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin yüksəkixtisaslı oftalmoloqlar tərəfindən gözlə bağlı müxtəlif şikayətlərlə müraciət edən pasiyentlərə müasir tibbi yanaşma əsasında hərtərəfli oftalmoloji xidmətlər göstərilir.

 

Aztibb.az-ın xəbərinə görə, burada pasiyentin ilkin müraciətindən başlayaraq ilkin diaqnostika, müalicə, dinamik müşahidə və tibbi göstəriş olduqda kiçik cərrahi müdaxilələr həyata keçirilir. Müayinə və müalicə taktikası pasiyentin şikayətləri, klinik vəziyyəti və aparılan diaqnostik müayinələrin nəticələri əsasında fərdi şəkildə müəyyənləşdirilir.

 

Müayinə prosesi necə həyata keçirilir?

Oftalmoloqa müraciət edən pasiyent əvvəlcə Poliklinika şöbəsinin qeydiyyat sistemindən keçir. Daha sonra oftalmoloji kabinetdə həkim-oftalmoloqlar t.ü.f.d. Dr. Aynurə Əliyeva və Dr. Aybəniz Zeynalova tərəfindən ilkin oftalmoloji müayinələr aparılır.

 

Pasiyentin şikayətlərindən və klinik vəziyyətindən asılı olaraq aşağıdakı müasir diaqnostik müayinələr tətbiq edilir:

Viziometriya – görmə itiliyinin yoxlanılması;
Tonometriya – göz daxili təzyiqin ölçülməsi;
Avtorefraktometriya – gözün optik göstəricilərinin və refraksiya xüsusiyyətlərinin aparat vasitəsilə müəyyənləşdirilməsi;
Biomikroskopiya – gözün ön və digər strukturlarının yarıqlı lampa vasitəsilə ətraflı müayinəsi;
Oftalmoskopiya – göz dibinin, tor qişanın və görmə siniri başının qiymətləndirilməsi.
Daha ətraflı diaqnostik qiymətləndirməyə ehtiyac olduqda isə əlavə müayinələr həyata keçirilir. Bunlara:

 

Gözün ultrasəs müayinəsi;

Göz almasının uzunluğunun ölçülməsi (biometriya);
Paximetriya – buynuz qişanın qalınlığının ölçülməsi;
Kompüter perimetriyası – görmə sahəsinin qiymətləndirilməsi
və digər oftalmoloji müayinələr daxildir.

 

Müasir avadanlıq və rəqəmsal yanaşma

Mərkəzi Gömrük Hospitalında oftalmoloji müayinələr müasir diaqnostik avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Bu isə pasiyentin göz sağlamlığının müxtəlif parametrlər üzrə daha ətraflı və dəqiq qiymətləndirilməsinə imkan yaradır.

 

Oftalmoloji müayinələrin nəticələri müvafiq elektron sistemdə saxlanılır. Bu yanaşma pasiyentin təkrar müraciəti zamanı əvvəlki müayinələrin nəticələri ilə yeni göstəriciləri müqayisə etməyə və göz sağlamlığında zamanla baş verən dəyişiklikləri dinamik şəkildə daha rahat qiymətləndirməyə imkan verir.

 

Beləliklə, pasiyentin hər bir müraciəti üzrə əldə olunan nəticələrin ardıcıl şəkildə izlənilməsi həkimə xəstəliyin gedişatını qiymətləndirmək, müalicənin effektivliyini izləmək və zəruri hallarda müalicə taktikasına dəyişiklik etmək üçün əlavə imkan yaradır.

 

Diaqnostikadan müalicəyə qədər kompleks xidmət

Müayinələrin kompleks şəkildə aparılması həkimə görmə funksiyasını və gözün müxtəlif anatomik strukturlarını ətraflı qiymətləndirməyə, mövcud problemin səbəbini müəyyənləşdirməyə və pasiyent üçün uyğun müalicə taktikasını seçməyə imkan verir.

 

Diaqnoz dəqiqləşdirildikdən sonra pasiyentin klinik vəziyyətinə və tibbi göstərişlərə uyğun olaraq müvafiq müalicə təyin edilir. Zərurət yarandıqda və göstəriş olduqda isə kiçik cərrahi müdaxilələr həyata keçirilərək pasiyentə oftalmoloji xidmət kompleks şəkildə göstərilir.

 

Oftalmoloqlar t.ü.f.d. Dr. Aynurə Əliyeva və Dr. Aybəniz Zeynalova tərəfindən refraksiya pozğunluqları, qlaukoma, katarakta, göz dibi xəstəlikləri, uveit və digər oftalmoloji problemlərin müayinə və müalicəsi həyata keçirilir.

 

Göz sağlamlığınıza laqeyd yanaşmayın

 

Görmənin zəifləməsi, bulanıq görmə, gözdə ağrı və ya qızartı, göz daxili təzyiqdə dəyişiklik, göz qarşısında ləkələrin yaranması və digər narahatlıqlar oftalmoloqa müraciət üçün səbəb ola bilər. Bəzi göz xəstəlikləri ilkin mərhələlərdə ciddi simptomlarla özünü göstərməyə bilər. Buna görə də müntəzəm oftalmoloji müayinə göz xəstəliklərinin erkən aşkarlanması, görmə funksiyasının qorunması və mümkün fəsadların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Mərkəzi Gömrük Hospitalının Oftalmologiya bölməsində müasir diaqnostik imkanlar, elektron nəticələrin dinamik izlənilməsi, fərdi müalicə yanaşması və zəruri hallarda kiçik cərrahi müdaxilələr bir xidmət zəncirində birləşdirilərək pasiyentlərə kompleks oftalmoloji yardım göstərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub