ATU-nun III Cərrahi xəstəliklər kafedrasının dosenti Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı Məzahir Məmmədov tərəfindən diabetik ayaq sindromunun neyroişemik forması və ağır irinli-iltihabi proseslə müraciət edən pasiyent üzərində mürəkkəb cərrahi müdaxilə həyata keçirilib.
Məzahir Məmmədov Aztibb.az-a bildirib ki, pasiyent klinikaya ayaqda inkişaf etmiş işemiya və fleqmona ilə əlaqədar müraciət edib. İrinli-iltihabi proses baldırın aşağı üçdəbir hissəsi, bayır topuq nahiyəsi və ayağın lateral hissəsini əhatə edib. Pasiyent daha əvvəl başqa tibb müəssisəsində konservativ müalicə alıb. Lakin aparılan müalicəyə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmayıb.
Klinikaya müraciətdən sonra pasiyentdə geniş cərrahi kəsiklər aparılaraq fleqmona açılıb, irinli möhtəviyyat boşaldılıb və ocağın sanasiyası həyata keçirilib. Əməliyyatdan sonra aparılan sistemli və yerli konservativ müalicəyə baxmayaraq, irinli-iltihabi proses davam edib. Eyni zamanda, ayaq-baldır oynağının lateral nahiyəsində prosesin dərinləşməsi və oynaq kapsulunda nekrotik dəyişikliklərin inkişafı müşahidə olunub.
Məzahir Məmmədov bildirib ki, pasiyentə üç gün ərzində intensiv müalicə fonunda klinik yaxşılaşma olmadığı təqdirdə amputasiyanın zəruri olacağı əvvəlcədən izah edilib. Müalicəyə baxmayaraq müsbət dinamika müşahidə olunmadığından amputasiya qərarı qəbul edilib.
Pasiyentin yanaşı xəstəlikləri və ümumi vəziyyəti əməliyyatın riskini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, xəstədə xroniki böyrək çatışmazlığı, ürək çatışmazlığı və aşağı sol mədəcik atım fraksiyası 35 faiz müəyyən edilib. Əməliyyatdan əvvəl pasiyent hərtərəfli hazırlıqdan keçirilib, zəruri hemotransfuziya aparılıb. Belə yüksək riskli pasiyentlərdə anestezioloqun rolu xüsusi əhəmiyyət daşıyır. Əməliyyatönü mərhələdə xəstənin ürək-damar və böyrək funksiyalarının qiymətləndirilməsi, anesteziya riskinin müəyyənləşdirilməsi və əməliyyat zamanı həyati vacib göstəricilərin davamlı monitorinqi anestezioloji komandanın əsas vəzifələrindən olub.
Cərrahi müdaxilə spinal anesteziya altında həyata keçirilib. Pasiyentə budun aşağı üçdəbir səviyyəsindən amputasiya əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Mütəxəssislər qeyd edirlər ki, diabetik ayaq sindromunun neyroişemik forması infeksiya və toxuma nekrozu ilə ağırlaşdıqda ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən belə pasiyentlərdə erkən diaqnostika, vaxtında damar qiymətləndirilməsi, infeksiyanın nəzarətə alınması və multidissiplinar müalicə yanaşması xüsusi əhəmiyyət daşıyır.

