Mütəxəssislər sosial media və digər asılılıq yaradan tətbiqləri məhdudlaşdıran, lakin bank, naviqasiya və kamera kimi əsas funksiyaları saxlayan yeni telefon seqmentinin yaradılmasını təklif edir.
Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, smartfonların həyatın demək olar ki, bütün sahələrinə daxil olması uşaqlar və gənclər arasında ekran qarşısında keçirilən vaxtın artması ilə bağlı narahatlıqları da artırıb. Mütəxəssislərin fikrincə, xüsusilə inkişaf dövründə olan uşaqların uzun müddət ekrana məruz qalması diqqət və yuxu problemlərinə, eləcə də emosional və psixoloji çətinliklərə səbəb ola bilər. Bu səbəbdən texnologiyadan tamamilə imtina etmək əvəzinə, daha kontrollu istifadəni təmin edən cihazların hazırlanması təklif olunur.
Türkiyəli mütəxəssis, dosent Hüseyn Heydər Kutlu ölkədə gündəlik ekran istifadəsinin orta hesabla 5 saat olduğunu, gənclərdə isə bu müddətin 6–7 saata çatdığını bildirib. Onun sözlərinə görə, xüsusilə inkişafını tam başa çatdırmamış yeniyetmə beyninin uzunmüddətli və intensiv ekran istifadəsindən mənfi təsirlənməsi mümkündür.
H.Kutlu qeyd edib ki, kiçik yaşlarda həddindən artıq ekran istifadəsi diqqət və fokuslanma müddətini azalda, yeniyetmələrdə isə yuxu və emosional problemləri artıra, depressiyaya meyli gücləndirə bilər. Ekran asılılığının uşaqların həm gündəlik, həm də akademik həyatına mənfi təsir göstərdiyini vurğulayan mütəxəssis ailələrin yalnız ekran qarşısında keçirilən vaxta deyil, istifadə olunan məzmun və məqsədə də diqqət yetirməli olduğunu bildirib.
Smartfonla düyməli telefon arasında yeni seqment
Kutlunun fikrincə, ekran asılılığı ilə mübarizənin yolu smartfonları tamamilə həyatımızdan çıxarmaq deyil. Bunun əvəzinə smartfonla klassik düyməli telefon arasında yeni məhsul seqmenti yaradıla bilər. Belə cihazlar gündəlik həyatda zəruri olan funksiyaları saxlamalı, lakin asılılıq yaradan tətbiqlərin istifadəsini məhdudlaşdırmalıdır.
Mütəxəssis bank tətbiqləri, naviqasiya və kamera kimi funksiyaların belə telefonlarda qalmasını, sosial media və həddindən artıq istifadəyə təşviq edən tətbiqlərin isə məhdudlaşdırılmasını təklif edib.
Bu yanaşmanın əsas məqsədi texnologiyanın verdiyi üstünlüklərdən imtina etmədən asılılıq riskini azaltmaqdır. Beləliklə, istifadəçi bank əməliyyatlarını həyata keçirə, naviqasiyadan və kameradan istifadə edə, ünsiyyət saxlaya, eyni zamanda sosial media və oyunlara sərf olunan vaxtı məhdudlaşdıra bilər.
Təklifə böyük maraq göstərilib
H.Kutlu bu ideyanı sosial media hesablarında da paylaşdığını və qısa müddət ərzində minlərlə insanın təklifə dəstək verdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə övladlarının telefon istifadəsini azaltmaq istəyən valideynlər arasında belə cihazlara ehtiyac var.
Mütəxəssis hesab edir ki, bu maraq texnologiya şirkətlərinin ekran asılılığı probleminə yalnız istifadəçi davranışı baxımından deyil, məhsul dizaynı səviyyəsində də yanaşmalı olduğunu göstərir.
H.Kutlu həmçinin Türkiyədə asılılıq yaratmayan, zərərli tətbiqləri məhdudlaşdıran yerli telefon seqmentinin yaradılmasının mümkün və perspektivli olduğunu vurğulayıb.
Təklif reallaşarsa, istifadəçilər gündəlik həyatda ehtiyac duyduqları əsas smartfon funksiyalarından yararlanmaqla yanaşı, ekran qarşısında həddindən artıq vaxt keçirməyə səbəb olan tətbiqlərdən daha yaxşı qoruna bilərlər. Bu isə xüsusilə uşaqlar və yeniyetmələr üçün daha sağlam texnologiya istifadəsinə imkan yarada bilər.

