Dişlərinizi hər gün fırçalayır, amma bu səhvləri edirsiniz?
14.08.2026 15:52

Sağlam diş və diş ətləri yalnız müntəzəm stomatoloq müayinəsindən deyil, evdə düzgün ağız boşluğu gigiyenasından da asılıdır. Dişləri gündə iki dəfə fırçalamaq vacib olsa da, yanlış texnika və digər səhvlər kariyes, diş əti xəstəlikləri və diş həssaslığı riskini artıra bilər.

Aztibb.az xəbər verir ki, ağız boşluğuna gündəlik qulluq zamanı ən çox yol verilən səhvlər arasında dişlərin yanlış texnika ilə fırçalanması, kifayət qədər vaxt ayrılmaması, uyğun olmayan diş fırçası və pastanın seçilməsi, fırçanın gec dəyişdirilməsi və stomatoloq müayinələrinin təxirə salınması yer alır.

Dişləri çox güclü təzyiqlə və yalnız sağa-sola hərəkətlərlə fırçalamaq diş ətini zədələyə, diş minasının aşınmasına səbəb ola bilər. Fırçanı diş əti xəttinə təxminən 45 dərəcə bucaq altında yerləşdirmək və yüngül hərəkətlərlə təmizləmək daha məqsədəuyğundur. Dişlərarası sahələrin təmizliyi də unudulmamalıdır. Bunun üçün diş sapı və dişlərarası fırçalardan istifadə edilə bilər.

Dişlərin təmizlənməsinə kifayət qədər vaxt ayırmaq da vacibdir. Mənbədə effektiv təmizləmə üçün 2-3 dəqiqənin kifayət etdiyi, breket və ya protezlərdən istifadə edənlərdə isə daha uzun müddət tələb oluna biləcəyi bildirilir.

Diş pastası və fırça seçimi də fərdi ehtiyaclara uyğun aparılmalıdır. Həssas dişlər üçün uyğun olmayan ağardıcı pastalar və həddindən artıq sərt fırçalar diş minasına və diş ətinə zərər verə bilər. Fırçanın sərtliyinin və formasının stomatoloqla məsləhətləşərək seçilməsi tövsiyə olunur.

Diş fırçası da vaxtında dəyişdirilməlidir. Fırçanın təxminən 2-3 aydan bir, tükləri deformasiyaya uğradıqda isə daha tez dəyişdirilməsi məsləhətdir. İnfeksion və ya ağız boşluğu xəstəliklərindən sonra da yeni fırçadan istifadə etmək məqsədəuyğundur.

Stomatoloq müayinəsini yalnız ağrı yarandıqda xatırlamaq da düzgün deyil. Bəzi ağız boşluğu xəstəlikləri ilkin mərhələdə heç bir əlamət verməyə bilər. Buna görə profilaktik müayinələrin mütəmadi aparılması problemlərin erkən aşkarlanmasına və daha sadə müalicə olunmasına imkan verir.

Diş və diş ətlərində ağrı, fırçalama zamanı qanama, ağız qoxusu, dişlərin boşalması, mina və ya diş ətinin rəngində dəyişiklik, diş travması və çeynəmə zamanı narahatlıq yarandıqda stomatoloqa müraciət etmək lazımdır.

Düzgün ağız gigiyenasına əməl edilmədikdə diş ərpi və daşı, kariyes, diş əti iltihabı, ağız qoxusu və diş həssaslığı kimi problemlər yarana bilər. Gündəlik düzgün qulluq və müntəzəm stomatoloji nəzarət ağız sağlamlığının uzun müddət qorunmasına kömək edir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb