Hovuz kənarında bir anlıq diqqətsizlik ciddi nəticələrə səbəb ola bilər
12.08.2026 19:56

Dəniz, hovuz və su parkları yay tətilinin əsas əyləncələrindəndir. Bununla yanaşı, boğulma, yıxılma, baş və onurğa travmaları, günəş yanıqları və müxtəlif xəsarətlər yay aylarında uşaqların təcili tibbi yardıma müraciətlərinin əsas səbəbləri sırasında yer alır.

Aztibb.az xəbər verir ki, mütəxəssislər sadə təhlükəsizlik tədbirləri ilə bu qəzaların böyük hissəsinin qarşısını almağın mümkün olduğunu bildirirlər. Xüsusilə baş və onurğa travmaları uşaqlarda qalıcı nevroloji fəsadlara səbəb ola bilər.

Uşaq suyun içində və ya hovuzun, dənizin yaxınlığında olduğu müddətdə daim böyüklərin nəzarətində olmalıdır. Telefon, kitab və digər diqqət yayındıran vasitələrə yönəlmək nəzarətin zəifləməsinə səbəb ola bilər. Boğulma hadisələri çox vaxt səssiz baş verdiyindən uşağı yalnız uzaqdan izləmək kifayət deyil.

Bir neçə böyüyün olduğu mühitdə növbə ilə yalnız uşaqları izləyən “su nəzarətçisi” müəyyənləşdirmək təhlükəsizliyi artıra bilər. Uşaqlar, hətta yaxşı üzməyi bacarsalar belə, təkbaşına suya buraxılmamalıdır. Qayıq gəzintiləri və su idmanları zamanı yaşa və çəkiyə uyğun, təhlükəsizlik standartlarına cavab verən xilasedici jiletdən istifadə edilməlidir.

Hovuz ətrafında təhlükəsizlik çəpəri və kilidli qapı kimi fiziki tədbirlər görülməlidir. Uşaqlar hovuzun suötürücü və sorma sistemlərindən uzaq saxlanılmalıdır. Kiçik uşaqlar üçün vanna, şişmə hovuz, dekorativ hovuz və hətta su ilə dolu vedrə belə təhlükə yarada bilər.

Su sürüşkənlərindən istifadə zamanı yaş, boy və çəki məhdudiyyətlərinə əməl etmək, növbə qaydasını pozmamaq, itələşməmək və yalnız təhlükəsiz vəziyyətdə sürüşmək lazımdır. Uşaqların sürüşkəndə ayaqüstə, dizüstə və ya üzüstə hərəkət etməsinə, dayanmasına və geriyə qalxmasına icazə verilməməlidir. Sürüşdükdən sonra hovuzun çıxış sahəsi dərhal tərk edilməlidir.

Su və ya hovuz qəzasından sonra baş və onurğa nahiyəsinə alınan zərbələr ciddi qiymətləndirilməlidir. Şüur itkisi, güclü və artan baş ağrısı, təkrar qusma, həddindən artıq yuxululuq, qıcolma, tarazlıq və nitq pozuntusu, qol və ayaqlarda zəiflik və ya keyimə, görmə pozuntusu, boyun ağrısı və hərəkət məhdudiyyəti müşahidə edilərsə, təcili tibbi yardım almaq lazımdır.

Heç bir əlamət olmasa belə, baş və ya onurğaya güclü zərbə dəyibsə, uşağın həkim tərəfindən müayinə olunması vacibdir. Yay tətilində böyüklərin diqqətli davranması və uşaqlara yaşlarına uyğun təhlükəsizlik qaydalarının öyrədilməsi boğulma və ciddi travmaların qarşısının alınmasında mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır