Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər
05.08.2026 17:23
B3 vitamininin bir forması olan nikotinamid göz təzyiqi yüksək olan insanlarda qlaukoma inkişafı riskini azalda bilər.
Aztibb.az xəbər verir ki, “JAMA Ophthalmology” jurnalında dərc olunan tədqiqatda ABŞ-da 67 səhiyyə qurumunun məlumatları təhlil edilib. Araşdırmaya qlaukoma diaqnozu qoyulmamış, lakin xəstəliyin əsas risk faktorlarından biri olan göz hipertenziyası olan təxminən 2900 nəfər daxil edilib.
Nəticələr göstərib ki, nikotinamid qəbul edən şəxslərdə ilkin açıq bucaqlı qlaukomanın inkişaf riski 66 faiz daha aşağı olub. Həmçinin bu qrupda göz təzyiqini azaltmaq üçün dərman istifadəsi və lazer prosedurlarına ehtiyac daha az müşahidə edilib.
Alimlər bildirirlər ki, nikotamid hazırda qlaukomanın müalicəsi və ya profilaktikası üçün təsdiqlənmiş vasitə deyil. Əlavənin təhlükəsiz dozasının müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək dozada nikotinamid qaraciyər zədələnməsi, mədə-bağırsaq problemləri, yorğunluq və digər yan təsirlərə səbəb ola bilər. Buna görə də vitamin əlavələrindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Həkimlərin fikrincə, qlaukomanın erkən mərhələdə qarşısının alınması böyük əhəmiyyət daşıyır. Xəstəlik görmə sinirinə geri dönməz zərər verə bildiyi üçün risk faktorlarının vaxtında müəyyən edilməsi və yeni profilaktik üsulların araşdırılması vacibdir.
ÇOX OXUNANLAR