Ağciyər xərçənginə qarşı mRNT əsaslı peyvənd ilk dəfə insanlar üzərində sınaqdan keçirilir
26.07.2026 09:37

COVID-19 peyvəndinin texnologiyasına əsaslanan yeni yanaşma xəstəliyin müalicəsində mühüm dönüş nöqtəsi ola bilər

 

Ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının ən əsas səbəbi olaraq qalır. İndi isə həkimlər ilk dəfə olaraq COVID-19 peyvəndində istifadə olunan mRNT texnologiyasına əsaslanan və ağciyər xərçəngi ilə mübarizə aparmaq üçün hazırlanmış yeni peyvəndi insanlar üzərində sınaqdan keçirirlər.

 

Aztibb.az "Medicalmedia" nəşrinə istinadən yazır ki, BNT116 adlanan peyvənd Almaniyanın BioNTech şirkəti tərəfindən hazırlanıb və ağciyər xərçənginin ən geniş yayılmış növü olan kiçik hüceyrəli olmayan ağciyər xərçənginə (Non-Small Cell Lung Cancer – NSCLC) qarşı yönəlib. Peyvənd mRNT texnologiyası vasitəsilə immun sisteminə xərçəng hüceyrələrinin səthindəki spesifik biomarkerləri tanımaq və onlara birbaşa hücum etmək üçün genetik təlimatlar ötürür. Bu yanaşma sağlam toxumaları əsasən qoruyaraq yalnız şiş hüceyrələrini hədəfə almağı nəzərdə tutur. Bu isə həm sağlam, həm də xərçəng hüceyrələrinə zərər verən ənənəvi kimyaterapiyadan əhəmiyyətli dərəcədə fərqlənir.

 

Klinik tədqiqat yeddi ölkədə 34 mərkəzdə aparılır

 

Hazırda I faza klinik tədqiqatı Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə daxil olmaqla yeddi ölkədə yerləşən 34 tədqiqat mərkəzində aparılır. Araşdırmaya ümumilikdə təxminən 130 pasiyentin cəlb edilməsi planlaşdırılır. Tədqiqata həm əməliyyat və ya şüa terapiyasından sonra erkən mərhələdə olan xəstələr, həm də irəliləmiş və ya residiv vermiş ağciyər xərçəngi diaqnozu qoyulan pasiyentlər daxil edilib. Peyvənd immunoterapiya ilə birlikdə tətbiq olunur ki, bu da müalicənin effektivliyini artırmağa hesablanıb. Böyük Britaniyada sınağa qoşulan ilk pasiyent, 67 yaşlı alim Yanuş Rats (Janusz Racz), Londonda ilk dozasını qəbul edib. Müalicənin başlanğıc mərhələsində ona beş dəqiqə fasilələrlə altı ayrı inyeksiya vurulub və hər inyeksiya müxtəlif mRNT zəncirlərini ehtiva edib. Bundan sonra isə bir ildən artıq davam edən dəstəkləyici müalicə mərhələsi nəzərdə tutulur.

 

Uğurlu nəticələr yeni profilaktik peyvəndlərin hazırlanmasına yol aça bilər

 

Əgər ilkin nəticələr gözləntiləri doğruldarsa, bu texnologiya gələcəkdə müalicədən sonra ağciyər xərçənginin yenidən yaranmasının qarşısını almaq üçün də istifadə oluna bilər. Tədqiqatçılar artıq yüksək risk qrupuna daxil olan şəxslərdə xəstəliyin yaranmasının qarşısını almağa yönəlmiş digər mRNT əsaslı peyvəndlərin hazırlanması üzərində də çalışırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır