Ölkəmizdə şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı var. Bu sahədə fəaliyyət göstərən sağlamlıq müəssisələrindən biri də "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi"dir.
Müasir tibbi avadanlıqlarla təchiz edilən, peşəkar və yüksəkixtisaslı həkim kollektivi olan bu sağlamlıq mərkəzi şəhid ailələri üzvlərinin, Birinci Qarabağ və Vətən müharibələri iştirakçılarının reabilitasiyasına diqqətlə yanaşır. Burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, digər imtiyazlı şəxslərin sağlamlıqlarının bərpası istiqamətində müasir tibbi yanaşmalar əsasında effektiv müalicə və reabilitasiya xidmətləri göstərilir.
İlin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən artıq şəhid ailəsi üzvü və qazi hərtərəfli tibbi müayinədən keçirilmişdir. Cari ilin sonunadək bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Hazırda mərkəzdə növbəti 200 nəfərin müalicəsinə başlanılmışdır. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynəbatırma, ozonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi təsiri ilə tanınan Naftalan neft vannaları daxildir.
"Azərbaycan" qəzeti

