Mərkəzi Gömrük Hospitalında ürək transplantasiyası əməliyyatlarının icrasına başlanılacaq  
23.07.2026 08:55

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası əməliyyatlarını həyata keçirmək hüququnun verilməsi ilə əlaqədar iclas keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.

 

Bildirilib ki, iclasda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi Elməddin Əliyev, ürək-damar cərrahları Kənan Əsədov və Nurlan Mahmudov, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin transplantoloqları Mircəlal Kazımi və Kamran Beydullayev iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk növbədə iclasda iştirak edən həkimləri Azərbaycan Respublikasının Baş naziri tərəfindən imzalanmış Qərara əsasən hospitala ürək transplantasiyası əməliyyatlarını həyata keçirmək hüququnun verilməsi münasibətilə səmimi-qəlbdən təbrik edib. O bildirib ki, bu mühüm qərar Mərkəzi Gömrük Hospitalının uzun illər ərzində formalaşdırdığı yüksəkixtisaslı tibbi potensialın, müasir infrastrukturunun və peşəkar həkim komandasının dövlət səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidir. Ürək transplantasiyası kimi mürəkkəb əməliyyatların həyata keçirilməsi hüququnun əldə edilməsi böyük etimad olmaqla yanaşı, həm də hospitalın hər bir tibb işçisinin üzərinə daha böyük məsuliyyət qoyur.

 

Ceyhun Məmmədov qeyd edib ki, Mərkəzi Gömrük Hospitalı bu gün ölkənin aparıcı tibb müəssisələrindən biri kimi yüksəktexnologiyalı tibbi xidmətlərin göstərilməsi, mürəkkəb cərrahi əməliyyatların uğurla icrası, qaraciyər və böyrək transplantasiyası sahəsində qazandığı nailiyyətlərlə ölkənin səhiyyə sistemində özünəməxsus mövqeyə malikdir. Ürək transplantasiyası əməliyyatlarının da Mərkəzi Gömrük Hospitalında həyata keçirilməsi bu uğurların davamı olmaqla yanaşı, hospitalın fəaliyyətində yeni və mühüm mərhələnin başlanğıcıdır.

 

İdarə rəisi hospitalda ürək transplantasiyası əməliyyatlarının icrası ilə bağlı müvafiq tapşırıqlar verib, qarşıda duran məsul və şərəfli vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində kollektivə uğurlar arzulayıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev çıxış edərək diqqətə çatdırıb ki, hospitalda ürək transplantasiyası proqramının icrası üçün zəruri təşkilati və texniki hazırlıq işləri həyata keçirilir. O, əməliyyat bloklarının, reanimasiya və intensiv terapiya bölmələrinin, laborator xidmətin və diaqnostik imkanların bu mürəkkəb əməliyyatların icrasına tam hazır vəziyyətə gətirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

 

İclasda ürək-damar cərrahı Rəşad Mahmudov, Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi Elməddin Əliyev, transplantoloqlar Mircəlal Kazımi və Kamran Beydullayev çıxış edərək, ürək transplantasiyası proqramının təşkili, donor və resipiyent seçiminin beynəlxalq meyarlara uyğun aparılması, əməliyyatöncəsi və əməliyyatdansonrakı tibbi idarəetmə, eləcə də multidisiplinar komanda fəaliyyətinin koordinasiyası ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

 

Müzakirələr zamanı ürək transplantasiyasının həyata keçirilməsi üçün tələb olunan tibbi protokollar, donor orqanların qəbulundan transplantasiyaya qədər bütün mərhələlərin təşkili, logistik təminat, pasiyentlərin uzunmüddətli müşahidəsi və keyfiyyətə nəzarət məsələləri geniş şəkildə nəzərdən keçirilib.

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2025-ci ilin fevral ayından etibarən meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatlarının icrasına başlanılıb və bu əməliyyatlar uğurla davam etdirilir.

2025-ci ildən 2026-cı ilin iyul ayınadək hospitalda ümumilikdə 76 qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib. Bunlardan 14-ü meyit donordan qaraciyər transplantasiyası olub. Eyni dövrdə 109 böyrək transplantasiyası əməliyyatı icra edilib ki, onların da 19-u meyit donordan böyrək transplantasiyası təşkil edib.

Əldə olunan bu uğurlu nəticələr Mərkəzi Gömrük Hospitalında transplantologiya sahəsində formalaşdırılmış yüksəkixtisaslı tibbi komandanın peşəkarlığını, müasir infrastrukturun imkanlarını və orqan transplantasiyası üzrə yaradılmış etibarlı sistemin səmərəli fəaliyyətini bir daha təsdiqləyir. Hospitalda ürək transplantasiyası əməliyyatlarının icra edilməsi isə Azərbaycan səhiyyəsinin inkişafında irəliyə doğru atılmış növbəti əhəmiyyətli addım olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır