Kimya İnstitutunda yaşıl hidrogen texnologiyalarının inkişafı üzrə mühüm nəticələr əldə olunub  
14.07.2026 13:08

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda yaşıl enerji və yaşıl hidrogen texnologiyalarının inkişafı istiqamətində elmi tədqiqatlar genişləndirilir. İnstitutda günəş enerjisindən səmərəli istifadə, yaşıl hidrogen istehsalı, eləcə də bitki ekstraktları əsasında innovativ material və texnologiyaların hazırlanması üzrə mühüm araşdırmalar aparılır. Hazırda bu elmi müəssisədə yaşıl enerji istiqamətində bir neçə sahədə müxtəlif tədqiqat işləri həyata keçirilir.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədqiqatların əsas istiqamətlərindən biri Günəş enerjisindən daha səmərəli istifadəni təmin edəcək yeni material və texnologiyaların hazırlanmasıdır. Eyni zamanda, suyun elektrolizi üçün yüksək aktivliyə malik elektrokatalizatorların sintezi və suyun fotoelektrokatalitik parçalanması yolu ilə yaşıl hidrogen istehsalı sahəsində tədqiqatlar aparılır. Bundan əlavə, bərpaolunan enerji sistemlərində istifadə edilən materialların korroziyaya davamlılığının artırılması istiqamətində işlər davam etdirilir. İnstitutun alimləri bitki ekstraktları əsasında fundamental və innovativ tədqiqatları iki istiqamətdə davam etdirirlər.

 

Tədqiqat istiqamətlərdən biri də dərman bitkilərindən alınan ekstraktlar üzrə müştərək beynəlxalq səviyyəli multidisiplinar araşdırmalardır. Onların enzim və izoenzimlər üzrə inhibitor fəallıqları müfəssəl öyrənilir. Gələcəkdə onlardan bəzi qlobal xəstəliklərin yaranmasına səbəb olan patoloji proseslərə qarşı dərman maddələri və bioloji əlavələrin əldə edilməsi mümkün olacaq.

 

Bildirilib ki, digər istiqamətdə aparılan tədqiqatlar isə bitki ekstraktları əsasında yaşıl korroziya inhibitorları və çoxfunksiyalı ekosürtkülərin alınması və tətbiq sahələrin müəyyənləşdirilməsini əhatə edir. İnstitutda sintez edilmiş nikeləsaslı katalizatorlar, o cümlədən müxtəlif çoxkomponentli tərkibə malik materiallar, suyun elektrolizi zamanı həm katod, həm də anod materialları kimi yüksək elektrokatalitik aktivlik və korroziyaya qarşı davamlılıq nümayiş etdirirlər. Bundan əlavə, elektrokimyəvi üsulla alınmış metal-xalkogenid nazik təbəqələri günəş enerjisindən istifadə etməklə suyun fotoelektrolizi prosesində fotokatod materialı kimi yüksək fotoelektrokatalitik aktivlik və uzunmüddətli dayanıqlıq göstərir.

 

Hazırda institutun Nanoelektrokimya və hidrogen enerjisi laboratoriyasında Günəş enerjisindən istifadə etməklə suyun fotokatalitik parçalanmasını təmin edəcək günəş panelləri əsasında stend qurğusunun yaradılması istiqamətində işlər davam etdirilir.

 

Kimya İnstitutu alimlərinin yaşıl enerjiyə keçid istiqamətində apardıqları elmi tədqiqatlara dünyanın aparıcı şirkətləri də maraq göstərirlər. Bu məqsədlə “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun tətbiqi planının hazırlanması” layihəsi çərçivəsində “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndələri bir neçə dəfə institutda görüş keçiriblər. Həmin görüşlərdə ölkəmizdə yaşıl enerjiyə keçidin mövcud vəziyyəti haqqında müzakirə və qiymətləndirilmə aparılıb. Problemin çatışmayan tərəflərinə dəstək məqsədilə Qərbi-Avropa ölkələrinin bu sahədə çalışan mütəxəssisləri ilə birgə işlərin qurulmasının vacibliyi vurğulanıb. Şirkət nümayəndələri bu sahədə kimyaçı alimlərə mümkün qədər dəstək göstərməyə çalışacaqlarını bildiriblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır