Konfransda mədə-bağırsaq və qaraciyər problemləri müzakirə olunub  
06.07.2026 12:52

Gədəbəy rayonunda “Mədə-bağırsaq və qaraciyər xəstəliklərinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib. Mərasim “Azərbaycan Qastroenteroloq və Hepatoloqları” İctimai Birliyi və “Medpro Marketing” MMC-nin birgə təşkilatçılığı ilə təşkil olunub.

 

“Azərbaycan Qastroenteroloq və Hepatoloqları” İctimai Birliyindən Aztibb.az-a verilən xəbərə görə, konfransın keçirilməsinin əsas məqsədi mədə-bağırsaq və qaraciyər xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsulları ilə bağlı elmi biliklərin paylaşılması, həkimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin təşviq edilməsidir.

 

Mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev və “Medpro Marketing” MMC-nin direktoru Hidayət Heydərov açılış nitqi ilə çıxış ediblər. Çıxışlarında tədbirin əhəmiyyətini vurğulayaraq konfransın işinə uğurlar arzulayıblar.

 

Tədbir tibb elmləri doktorları Yazgül Abdıyeva və Aynur Səfiyeva, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, həkimlər Afət Məhəmmədli, Azər Nağıyev, Arzu Hüseynova, Mahirə Qədirova və Fərid Dünyamalıyevin moderatorluqları ilə keçirilib.

 

Konfrans çərçivəsində “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva çıxış edərək bildirib ki, belə elmi-praktik konfranslar regionlarda çalışan həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, müasir tibbi yanaşmaların mənimsənilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra Y. Abdıyeva “Hepatoloji problemlərə müasir baxış” mövzusunda məruzə ilə çıxış edib. O, son illərdə hepatologiya sahəsində baş verən elmi və texnoloji yeniliklərdən, molekulyar biologiya, genomika, süni intellekt və müasir görüntüləmə üsullarının qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsində yaratdığı yeni imkanlardan danışıb.

 

“Azərbaycan Qastroenteroloq və Hepatoloqları” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva “Şəkərli diabet və qaraciyər xəstəlikləri” mövzusunda məruzə ilə çıxış edərək şəkərli diabetin qaraciyər xəstəliklərinin yaranması və gedişinə təsiri, bu xəstələrdə erkən diaqnostika, risk faktorlarının qiymətləndirilməsi və kompleks müalicə yanaşmalarının əhəmiyyəti barədə məlumat verib.

 

Tibb elmləri doktoru Aynur Səfiyeva isə “Anal çatlarda müasir yanaşma – rəhbərlik nə deyir?” mövzusunda çıxış edərək anal çatların diaqnostikası və müalicəsində beynəlxalq klinik rəhbərliklərin tövsiyələrini, konservativ və cərrahi müalicə üsullarının tətbiq meyarlarını iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra həkimlər – Afət Məhəmmədli “Hepatit C və onun laborator diaqnostikası”, Arzu Hüseynova “Xroniki pankreatit: diaqnostika və müalicə”, Səltənət Məhərrəmzadə “Alkoqol mənşəli hepatit: diaqnostika və müalicə”, Fərid Dünyamalıyev “Qida borusu varikoz venalarının endoskopik liqasiyası: texnika, göstərişlər və ağırlaşmalar”, Mahirə Qədirova “Hepatit D: diaqnostika və müalicə”, Azər Nağıyev “Qaraciyər ensefalopatiyasının diaqnostikası və müalicəsi”, Afaq Ələsgərova “Uşaqlarda qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsi”, Təranə Bağırova “Uşaqlarda hepatit virusları və onlardan qorunma yolları”, nəfəs terapevti Neşe Kutlutaş “Mədə-bağırsaq və qaraciyər xəstəliklərində nəfəs terapiyasının üstünlükləri”, “Medpro Marketing” MMC-nin meneceri Ayxan Həsənov isə “Farmakologiyada müasir texnologiyalar və hepatoloji preparatlar” mövzularında məruzələrlə çıxış ediblər.

 

Konfransın sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev