Fəlakət təbabəti (Disaster Medicine): müasir dövrün çağırışları və Azərbaycanın elmi yanaşması
09.07.2026 10:07

Son illərdə dünyada baş verən təbii fəlakətlər, zəlzələlər, iqlim dəyişiklikləri, texnogen qəzalar, pandemiyalar və digər fövqəladə hallar göstərir ki, fəlakət təbabəti müasir səhiyyənin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilmişdir. Artıq bu sahə yalnız fövqəladə hadisələr zamanı tibbi yardımın göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda fəlakət riskinin azaldılması, səhiyyə sistemlərinin dayanıqlığının artırılması, əhalinin sağlamlığının qorunması və gələcək risklərin proqnozlaşdırılması kimi mühüm vəzifələri əhatə edir.

 

Müasir yanaşmaya əsasən, fövqəladə hallara hazırlıq  və fövqəladə hallara operativ cavab səhiyyə sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir. Dünyanın bir çox ölkəsində erkən xəbərdarlıq sistemləri , risklərin qiymətləndirilməsi və elmi əsaslandırılmış profilaktik tədbirlər artıq dövlət səhiyyə siyasətinin prioritet istiqamətləri hesab olunur.

 

Bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə də tam uzlaşır. Xüsusilə SDG 3 – Sağlam həyatın təmin edilməsi və rifahın yaxşılaşdırılması (Good Health and Well-being), SDG 11 – Dayanıqlı şəhərlər və icmalar  (Sustainable Cities and Communities), SDG 13 – İqlim dəyişikliyi ilə mübarizə (Climate Action) və SDG 9 – Sənaye, innovasiya və infrastruktur (Industry, Innovation and Infrastructure) istiqamətləri müasir Disaster Medicine konsepsiyasının əsas prioritetlərini əks etdirir.

 

Azərbaycan da bu sahənin xüsusi aktuallıq daşıdığı ölkələrdən biridir. Respublikamız Alp–Himalay seysmik qurşağında yerləşdiyindən yüksək seysmik aktivlik müşahidə olunan seysmik region hesab edilir. Bununla yanaşı, sürətli urbanizasiya, şəhərlərin inkişafı və infrastrukturun genişlənməsi şəhər dayanıqlılığı məsələlərini daha da aktuallaşdırır. Bu səbəbdən ölkəmizdə Disaster Risk Reduction strategiyalarının elmi əsaslarla inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Müasir elmi araşdırmalar göstərir ki, zəlzələlərin təsiri yalnız travmalar və fövqəladə tibbi yardım ehtiyacı ilə məhdudlaşmır. Təbii fəlakətlərdən sonra miokard infarktı, insult, arterial hipertenziya, ürək ritm pozğunluqları və digər ürək-damar xəstəliklərinin tezliyinin artması müşahidə oluna bilər. Bu dəyişikliklər psixoemosional stress, neyrohumoral aktivləşmə, həyat tərzinin dəyişməsi və tibbi xidmətlərə çıxışın müvəqqəti məhdudlaşması ilə əlaqələndirilir.

 

Bu istiqamətdə Azərbaycan alimlərinin fəaliyyəti xüsusi maraq doğurur. Azərbaycan Tibb Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət mərkəzi ilə birlikdə  həyata keçirilmiş elmi tədqiqat ölkəmizdə bu sahədə aparılmış ilk və hazırda yeganə kompleks araşdırmalardan biridir. Tədqiqatın nəticələri beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və Frontiers in Disaster and Emergency Medicine jurnalında nəşr üçün qəbul edilmişdir.

 

Aparılmış tədqiqatın əsas elmi yeniliyi ondan ibarətdir ki, burada yalnız güclü və dağıdıcı zəlzələlərin deyil, həm də uzunmüddətli, aşağı maqnitudalı seysmik aktivliyin ürək-damar xəstəliklərinə mümkün təsiri öyrənilmişdir. Bu yanaşma Azərbaycanı bu istiqamətdə tədqiqat aparan ilk ölkələrdən biri kimi fərqləndirir və Disaster Medicine sahəsində yeni elmi baxışın formalaşmasına töhfə verir.

 

Tədqiqat çərçivəsində Azərbaycanın müxtəlif seysmik regionlarında  geofiziki proseslərlə ürək-damar xəstəlikləri arasında mümkün əlaqələr qiymətləndirilmiş, eyni zamanda yüksək risk qrupuna daxil olan xəstələrdə ikinci dərəcəli profilaktikanın effektivliyi araşdırılmışdır. Əldə olunan nəticələr göstərmişdir ki, risklərin əvvəlcədən qiymətləndirilməsi və vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi ürək-damar ağırlaşmalarının azaldılmasına kömək edə bilər.

 

Müasir dövrdə “Disaster Medicine” sürətlə rəqəmsallaşan elm sahəsinə çevrilməkdədir. Süni intellekt texnologiyaları, telemedisin imkanları, proqnostik modelləşdirmə üsulları və erkən xəbərdarlıq sistemləri gələcəkdə fərdi risklərin qiymətləndirilməsində, fövqəladə hallara hazırlığın gücləndirilməsində və səhiyyə sistemlərinin dayanıqlığının artırılmasında mühüm rol oynayacaqdır.

 

Azərbaycan Tibb Universitetində aparılan bu tədqiqat ölkəmizdə “Disaster Medicine” sahəsində yeni elmi istiqamətin formalaşdığını göstərir. Geofiziki proseslərin ürək-damar xəstəliklərinə təsirinin və ikinci dərəcəli profilaktikanın kompleks şəkildə öyrənilməsi həm Azərbaycan, həm də beynəlxalq elmi ictimaiyyət üçün aktual olan yeni tədqiqat istiqaməti kimi qiymətləndirilə bilər. 

 

Bu cür araşdırmalar gələcəkdə region üzrə elmi əsaslandırılmış profilaktik strategiyaların hazırlanmasına, səhiyyə sistemlərinin dayanıqlığının artırılmasına və əhalinin sağlamlığının daha effektiv qorunmasına mühüm töhfə verə bilər.

 

 Leyla Əfəndiyeva,

Azərbaycan Tibb Universitetinin 1 Daxili xəstəliklər kafedrasının dosenti, Tibb üzrə fəlsəfə doktoru

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub