Uzun müddət fasiləsiz oturmaq xərçəngdən ölüm riskini artırır
04.07.2026 09:26

 

Böyük Britaniyanın Qlazqo Universitetinin alimi Frederik Ho və həmkarlarının araşdırmasına görə, gün ərzində fasiləsiz oturaq vəziyyətdə keçirilən hər əlavə bir saat xərçəngdən ölüm riskini 9 faiz artırır.

 

Aztibb.az "PLOS Medicine" jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, əvvəlki tədqiqatlar görə gün ərzində oturmaq, yarıuzanmış və ya uzanmış vəziyyətdə keçirilən ümumi vaxtın çox olması sağlamlıq göstəricilərinin pisləşməsi ilə əlaqəlidir. Lakin mövcud tövsiyələrin əksəriyyəti oturaq vəziyyətdə keçirilən ümumi müddətə diqqət yetirir, bu vaxtın uzun fasiləsiz dövrlərlə, yoxsa qısa fasilələrlə toplanmasının sağlamlığa təsiri isə kifayət qədər araşdırılmayıb.

 

Yeni tədqiqatda alimlər UK Biobank məlumat bazasında yer alan 91 292 iştirakçının göstəricilərini təhlil ediblər. İştirakçılar yeddi gün ərzində fiziki aktivliyi ölçən monitorlardan istifadə ediblər və sonradan orta hesabla 12,38 il izləniliblər.

 

Tədqiqat çərçivəsində iştirakçıların gündəlik fəaliyyəti üç əsas kateqoriyaya bölünüb:

  • Uzunmüddətli oturaq davranış – ən azı 30 dəqiqə davam edən və vaxtın 90 faizindən çoxunun oturaq vəziyyətdə keçirildiyi dövrlər;

  • Fasiləli oturaq davranış – 30 dəqiqədən az davam edən və ya hərəkətlə tez-tez kəsilən oturaq dövrlər;

  • Müxtəlif intensivlikdə fiziki fəaliyyət.

 

Nəticələr göstərib ki, uzunmüddətli fasiləsiz oturaq həyat tərzi xərçəngdən ölüm, ümumi xərçəng halları, piylənmə ilə əlaqəli xərçənglər (qida borusu, qaraciyər, böyrək, mədəaltı vəzi, yoğun bağırsaq, süd vəzi, yumurtalıq və qalxanabənzər vəzi xərçəngi), eləcə də 2-ci tip diabetlə əlaqəli xərçənglərin yaranma riski ilə əlaqəlidir.

 

Əksinə, oturaq vaxtın qısa fasilələrlə bölünməsi bütün bu göstəricilər üzrə riskin daha aşağı olması ilə əlaqələndirilib. Araşdırmaya görə, gün ərzində uzunmüddətli oturaq davranışın cəmi bir saatını yüngül fiziki aktivliklə əvəz etmək xərçəngdən ölüm riskini 12 faiz azalda bilər.

 

Tədqiqat müəllifləri qeyd edirlər ki, araşdırma yalnız UK Biobank könüllüləri arasında aparıldığından nəticələr bütün əhali qruplarına tam şamil edilə bilməz. Bundan əlavə, tədqiqat səbəb-nəticə əlaqəsini sübut etmir. Alimlərin oturaq davranışın hansı şəraitdə – iş zamanı, avtomobil idarə edərkən və ya digər hallarda baş verməsi barədə məlumatları da olmayıb.

 

Müəlliflərin fikrincə, əldə olunan nəticələr göstərir ki, oturaq həyat tərzinin sağlamlığa təsiri təkcə ümumi oturma müddətindən deyil, həm də bu vaxtın necə keçirilməsindən asılıdır. Eksperimental tədqiqatlar sübut edir ki, uzunmüddətli oturma qısa hərəkət fasilələri ilə bölündükdə orqanizmin maddələr mübadiləsi daha yaxşı işləyir.

 

Alimlər vurğulayırlar ki, müasir sağlamlıq tövsiyələri əsasən orta və yüksək intensivlikli fiziki məşqlərə yönəlsə də, yüngül fiziki aktivliyin də əhəmiyyəti nəzərdən qaçırılmamalıdır. Gələcək klinik tədqiqatlar oturaq vaxtın azaldılmasına yönəlmiş daha fərdiləşdirilmiş tövsiyələrin hazırlanmasına imkan verə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev