Karolinska İnstitutunun tədqiqatçısı Məhəmməd Zakir Hossainın rəhbərliyi ilə aparılan yeni araşdırmaya əsasən, anadangəlmə ürək qüsuru ilə doğulmuş anaların uşaqlarında fiziki sağlamlıq, emosional yetkinlik və ünsiyyət bacarıqları ilə bağlı inkişaf problemlərinin yaranma riski daha yüksəkdir.
Aztibb.az "PLOS Medicine" jurnalında bu barədə dərc edilən məqaləyə istinadən yazır ki, anadangəlmə ürək qüsurları dölün ana bətnində inkişafı zamanı formalaşan ürəyin struktur qüsurlarıdır və dünyaya gələn körpələrin təxminən 1 faizində rast gəlinir. Uşaq kardiologiyası sahəsində əldə olunan nailiyyətlər sayəsində bu uşaqların 90 faizdən çoxu artıq yetkin yaşa çatır və ailə quraraq övlad sahibi ola bilir.
Məlumdur ki, anadangəlmə ürək qüsuru olan qadınlarda hamiləlik vaxtından əvvəl doğuş və digər ağırlaşmaların riskini artırır. Lakin bu vəziyyətin uşaqların uzunmüddətli sağlamlığına və inkişafına təsiri indiyədək kifayət qədər öyrənilməmişdi.
Yeni araşdırmada alimlər 1995–2016-cı illər ərzində Kanadanın Britaniya Kolumbiyası əyalətində doğulmuş 250 mindən çox uşağın məlumatlarını təhlil ediblər. Tədqiqata anaları anadangəlmə ürək qüsuru ilə doğulmuş 456 uşaq da daxil edilib.
Uşaqlar məktəbəqədər təhsil müəssisəsinə başladıqda onların inkişafı tərbiyəçilər tərəfindən standart qiymətləndirmə metodu ilə beş istiqamət üzrə dəyərləndirilib. Bunlara fiziki sağlamlıq, emosional yetkinlik, dil və ünsiyyət bacarıqları, sosial səriştəlilik, eləcə də öyrənmə qabiliyyəti daxil olub. Beş göstəricidən ən azı ikisi üzrə nəticələri ən aşağı 10 faiz göstəricisinə düşən uşaqlar inkişaf baxımından həssas hesab ediliblər.
Təhlillər göstərib ki, anadangəlmə ürək qüsuru olan analardan doğulan uşaqlarda inkişaf problemləri riski sağlam anaların uşaqları ilə müqayisədə 28 faiz daha yüksəkdir. Bundan başqa, anada ürək qüsurunun ağır forması uşağın inkişaf həssaslığı ilə yüngül formalardan daha güclü əlaqə göstərib.
Alimlər bildirirlər ki, əldə olunan nəticələr anadangəlmə ürək qüsurunun uşağın inkişafı üçün mühüm risk amili olduğunu göstərir. Bu əlaqənin səbəblərini daha dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var. Bununla belə, bu riskin erkən müəyyənləşdirilməsi həkimlərə əlavə prenatal məsləhət, perinatal nəzarət və erkən müdaxilə proqramlarından faydalana biləcək qadınları vaxtında müəyyən etməyə imkan verə bilər.
Tədqiqatın rəhbəri Məhəmməd Zakir Hossain qeyd edib: "Anadangəlmə ürək qüsuru ilə doğulan qadınların getdikcə daha çoxu yetkin yaşa çatır və ana olur. Buna görə də onların övladlarının uzunmüddətli sağlamlığı və inkişafının öyrənilməsi ictimai səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilib. Araşdırmamız göstərir ki, bu anaların uşaqları məktəbə başlayarkən inkişaf problemləri ilə daha çox üzləşə bilər. Bu isə hamiləlik dövründən başlayaraq erkən inkişaf monitorinqinin və dəstəyin vacibliyini bir daha təsdiqləyir."
Müəlliflər vurğulayırlar ki, inkişaf həssaslığı uşağın mütləq inkişaf pozuntusu diaqnozu alması demək deyil. Bu anlayış daha çox yaşıdları ilə müqayisədə dil və öyrənmə, sosial bacarıqlar, emosional yetkinlik, ünsiyyət və ya fiziki rifah kimi inkişaf sahələrinin ən azı ikisində geridə qalan uşaqlara aid edilir.
Tədqiqatın həmmüəllifi Neda Razaz isə bildirib: "Bu tədqiqat anadangəlmə ürək qüsuru olan qadınların uşaq sahibi olmamalı olduğu anlamına gəlmir. Əksinə, məqsəd bu qadınlara hamiləlikdən əvvəl, hamiləlik dövründə və doğuşdan sonra əlavə tibbi müşahidə və dəstəyin göstərilməsinin vacibliyini vurğulamaqdır. Beləliklə, həm uşaqlar, həm də ailələr ehtiyac duyduqları yardımı mümkün qədər erkən ala bilərlər."

