ATU Türkiyənin Atlas Universiteti ilə əməkdaşlığa başlayır
03.07.2026 12:44

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Atlas Universitetinin (AU) rektoru, professor Ersoy Kocabıçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə rektor, professor Gəray Gəraybəyli Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın ali tibb təhsili sahəsində də uğurla davam etdirilməsindən söz açıb.

 

Universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsini prioritet xətt kimi dəyərləndirən rektor, xüsusilə Türkiyənin ali təhsil müəssisələri ilə qurulan əməkdaşlığın universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların inkişafı və tibbi xidmət sahəsində müasir təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Qardaş ölkənin ali təhsil müəssisələri ilə imzalanan çoxsaylı əməkdaşlıq müqavilələri və memorandumları da nəzərə çatdıran Gəray Gəraybəyli qeyd edib ki, bu əlaqələr iki ölkənin səhiyyə sistemləri arasında təcrübə mübadiləsini gücləndirərək, müasir tibbi texnologiyaların tətbiqi, klinik xidmətlərin keyfiyyətinin yüksəldilməsi və gələcəkdə birgə beynəlxalq, elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə imkan yaradır.

 

Rektor, bu baxımdan, AU ilə qurulacaq əlaqələrin də qarşılıqlı fayda və səmərəli tərəfdaşlığa əsaslanacağına, ümumi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

Gəray Gəraybəyli daha sonra qonaqları ATU-nun institusional akkreditasiya, tədris proqramlarının isə beynəlxalq akkreditasiyadan uğurla keçməsi, növbəti beynəlxalq akkreditasiya mərhələsinə hazırlıq prosesi, universitetdə yeni ixtisas və proqram yenilənmələri üzrə fəaliyyət, Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin üzvü olan universitetlər arasında tələbə və müəllim mübadiləsini dəstəkləyən “Orhun” mübadilə proqramı, ATU Elmi Araşdırmalar Mərkəzində həyata keçirilən tədqiqatlar, universitetdə startapların inkişafının dəstəklənməsi və s. məsələlər haqda da ətraflı məlumatlandırıb.

 

AU-nun rektoru, professor Ersoy Kocabıçak da Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin elm-təhsil sahəsində də uğurla inkişafından məmnunluğunu ifadə edib. Tədrisin keyfiyyətinin artırılması, elmi tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində beynəlxalq əlaqələrin dərinləşdirilməsinin vacibliyinə toxunan Ersoy Kocabıçak xüsusən də Azərbaycanla bu istiqamətdə münasibətlərin genişləndirilməsinə yüksək marağın olmasını xatırladıb.

 

Təmsil etdiyi universitetin tarixi, fakültə və ixtisasları, elmi-tədqiqat potensialı, tibb və səhiyyə elmləri üzrə güclü bazaya malik olmasından da söz açan Ersoy Kocabıçak AU-nun yeni yaranmasına baxmayaraq, artıq bir çox istiqamətlər üzrə mühüm nailiyyətlərə imza atdığını qeyd edib.

 

Əlaqələrin inkişafı üçüb perspektivli sayılan istiqamətlər üzrə aparılan geniş fikir mübadiləsindən sonra tərəflər arasında memorandum imzalanıb.

 

Gəray Gəraybəyli və Ersoy Kocabıçak tərəfindən imzalanan memorandum Azərbaycan Tibb Universiteti ilə Atlas Universiteti arasında təhsil, elm, səhiyyə, innovasiya, elmi-tədqiqat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib