ÜST: Avropada anomal istilər səbəbindən 1300-dən çox insan həyatını itirib
03.07.2026 12:40

Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Avropada təsirini davam etdirən anomal isti dalğaları nəticəsində iyunun 21-dən bəri 1300-dən çox insanın dünyasını dəyişdiyini açıqlayıb.

Aztibb.az ÜST-nin məlumatına istinadən yazır ki, Baş direktor rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda vəziyyətin ciddiliyini belə ifadə edib: “Hazırda 150 milyon insan ekstremal yüksək temperatur şəraitində yaşayır, yüzlərlə insan həyatını itirib, təhsil müəssisələrində dərslər dayandırılıb və enerji şəbəkələri sıradan çıxır”. Yüksək temperaturun yaratdığı sağlamlıq problemlərinə diqqət çəkən Qebreyesus, istilik stressinin tez-tez “səssiz qatil” kimi xarakterizə olunduğunu vurğulayıb və Avropadakı evlərin, iş yerlərinin, eləcə də məktəblərin bu cür kəskin istilərə uyğun inşa edilmədiyini bildirib.

Avropa qlobal ortalamadan iki dəfə sürətlə qızır


Avropanın dünyanın ən sürətlə qızan qitəsi olduğunu qeyd edən ÜST rəhbəri, regionun qlobal ortalamadan iki dəfə daha sürətlə qızdığını vurğulayıb. O, əvvəllər "nəsildə bir dəfə görünən" anomal isti dalğalarının iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri ilə artıq demək olar ki, hər il yaşandığını ifadə edib. ÜST-nin bu təhdidlərə qarşı hazırlıq, profilaktika və səhiyyə sistemlərinin çevik reaksiya potensialını gücləndirmək istiqamətində üzv ölkələrlə birgə çalışdığını bildirən Baş direktor, Avropa dövlətlərini iqlim dəyişikliyinə qarşı sağlamlığın qorunması çərçivəsində təxirəsalınmaz fəaliyyət planlarını həyata keçirməyə çağırıb.

ÜST-dən anomal istilərdə sərin qalmaq üçün bələdçi


ÜST ekstremal istilərdə qorunmaq üçün praktiki tövsiyələrdən ibarət rəhbər vəsait də dərc edib. Sənəddə günün ən isti saatlarında çölə çıxmamaq, kölgədə qalmaq və hər gün ən azı iki-üç saatı sərin mühitdə keçirmək tövsiyə olunur. Evləri sərin saxlamaq üçün isə hava qaraldıqdan sonra gecə sərinliyindən yararlanmaq, gündüzlər çöldəki temperatur daxili məkandan yüksək olduqda pəncərələri bağlı saxlayıb pərdələri çəkmək və mümkün qədər elektrik cihazlarını söndürmək məsləhət görülür.

Bələdçidə elektrik ventilyatorlarının yalnız hava temperaturunun 40 dərəcədən aşağı olduğu hallarda effektiv olduğu, 40 dərəcədən yuxarı temperaturlarda isə ventilyatorların bədəni daha da qızdıra biləcəyi xəbərdarlığı edilib. Kondisioner istifadə edildiyi təqdirdə termostatın 27 dərəcəyə tənzimlənməsi və onun ventilyatorla birlikdə işlədilməsi mühitin təxminən 4 dərəcə daha sərin hiss olunmasını təmin edir və soyutma məqsədli elektrik enerjisi istehlakına 70%-ə qədər qənaət imkanı yaradır.

Orqanizmin sərin saxlanması və dehidratasiyanın (maye itkisinin) qarşısının alınması üçün yüngül və gen geyimlərin geyilməsi, sərin duş qəbul edilməsi, dərinin nəmli bez və ya sprey ilə sərinlədilməsi və müntəzəm su qəbulu tövsiyə olunur. ÜST saatda ən azı bir stəkan, gündə isə ümumilikdə iki-üç litr su içməyi məsləhət görür. Rəhbərdə, həmçinin xüsusilə 65 yaşdan yuxarı şəxslərin, ürək, ağciyər və ya böyrək xəstəliyi olanların, əlilliyi olan fərdlərin və tənha yaşayan insanların müntəzəm olaraq yoxlanılmasının (nəzarətdə saxlanılmasının) vacibliyi qeyd olunub.

Təşkilat uşaqların və heyvanların park edilmiş nəqliyyat vasitələrində qətiyyən buraxılmaması, günün ən isti saatlarında birbaşa günəş şüalarına məruz kalınmaması və körpə arabalarının üzərinin quru örtüklə bağlanmaması barədə xəbərdarlıq edib. Bunun əvəzinə nazik və yaş bezdən istifadə edilməsi, ehtiyac yarandıqda bezin yenidən isladılması tövsiyə olunub.

381 milyon insan 30 dərəcədən yüksək temperatura məruz qalacaq


Avstriyada fəaliyyət göstərən “Klimadashboard” qeyri-hökumət təşkilatının Almaniya Meteorologiya Xidmətinin (DWD) hava proqnozları və Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzinin (JRC) 2025-ci il əhali proqnozlarına əsaslanaraq apardığı analizə görə, Avropada (Türkiyə istisnasız olmaqla) ümumilikdə 381 milyon insan 30 dərəcədən yüksək temperatur dalğası ilə qarşı-qarşıya qalacaq.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev