Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər
01.07.2026 14:37

Qırğızıstan Respublikasında keçirilən "İssık-Kul sahilində uşaq ürəyi: nailiyyətlər və perspektivlər" mövzusunda II Beynəlxalq konqresdə ölkəmizi Azərbaycan Pediatrlar Asossiasiyasının sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Təranə Tağızadə, həmin kafedranın dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova və Yoluxucu xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Samir Məmmədov təmsil ediblər.

Aztibb.az xəbər verir ki, tədbirdə, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Rusiya, Almaniya və digər ölkələrdən olan  uşaq kardiologiyası, uşaq ürək-damar cərrahiyyəsi, aritmologiya, pediatriya, neonatologiya və anesteziologiya sahələrinin aparıcı mütəxəssisləri kardiologiya, kardiocərrahiyyə və pediatriyanın aktual məsələlərini müzakirə ediblər.

APA-nın üzvləri olan həkimlər bölmə iclaslarında fəal iştirak edərək klinik halları müzakirə edib, xarici həmkarları ilə təcrübə mübadiləsi aparıb və beynəlxalq peşəkar əlaqələrini genişləndiriblər.

Konqres çərçivəsində türk dövlətlərindən olan nümayəndə heyətinin iştirakı ilə keçirilən “Türk Dünyası Pediatrlarının II Qurultayı”nda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan gələn həkim və mütəxəssislər təmsil olunublar.

Qurultayda t.ü.f.d., dosent Təranə Tağızadə “Azərbaycanda uşaq brusellyozunun aktual problemləri” mövzusunda məruzə edərək, xəstəliyin erkən diaqnostikası və müasir müalicə üsullarını diqqətə çatdırıb. Alim ölkəmizdə pediatrik brusellyozla mübarizədə əldə olunan nailiyyətləri qeyd etməklə yanaşı, gələcək birgə regional fəaliyyətin və preventiv tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 “Nadir pediatrik xəstəliklərdə süni intellekt: genom datalarından klinik qərarların dəstəklənməsinədək” adlı təqdimatında t.ü.f.d., dosent Fəxriyyə Məmmədova nadir patologiyaların diaqnostikasında rəqəmsal texnologiyaların oynadığı roldan bəhs edib, genom məlumatlarının analizində süni intellekt alqoritmlərinin tətbiqinin həkimlərə daha sürətli və dəqiq klinik qərarlar qəbul etmək imkanı qazandırdığını bildirib.

Sonra “Uşaqlarda viral B və C hepatitlərinin müalicəsinə müasir yanaşmalar” mövzusunda çıxış edən t.ü.f.d., dosent Samir Məmmədov uşaqlarda xroniki viral hepatitlərin müalicəsində son illərdə tətbiq olunan effektiv terapevtik protokollardan bəhs edib. Məruzəçi bu infeksiyaların vaxtında aşkarlanmasının fəsadların qarşısının alınmasındakı əhəmiyyətini qeyd edərək, pediatrik praktikada beynəlxalq standartlara uyğun müasir yanaşmaların tətbiqi barədə ətraflı məlumat verib.

Beynəlxalq tədbirdə erkən diaqnostika, uşaq kardiologiyasında innovativ texnologiyaların tətbiqi, eləcə də müxtəlif ixtisaslı mütəxəssislər arasında multidissiplinar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət çəkilib.

Müzakirələr zamanı anadangəlmə ürək qüsurları, aritmiyalar və uşaqlarda rast gəlinən digər ürək-damar xəstəliklərinin Avrasiya regionu ölkələri üçün hələ də ciddi tibbi və sosial problem olaraq qaldığı müəyyən edilib. Xəstəliklərin erkən aşkarlanmasının əhəmiyyəti və müalicədə multidissiplinar yanaşmanın zəruriliyi önə çəkilib.

Ekspertlər ixtisaslaşmış uşaq kardiologiyası və ürək-damar cərrahiyyəsi mərkəzlərinin inkişaf etdirilməsini, prenatal və neonatal skrininq proqramlarının tətbiqini, ürək qüsurlarının cərrahi korreksiyasının müasir üsullarına çıxışın genişləndirilməsini, həmçinin pediatriya xidməti ilə ixtisaslaşmış tibb müəssisələri arasında əməkdaşlığın gücləndirilməsini zəruri hesab ediblər.

Eyni zamanda tibb kadrlarının hazırlanması məsələləri də ortaq müzakirə mövzusu olub. İştirakçılar həkimlər üçün müntəzəm ixtisasartırma kurslarının, klinik təcrübə proqramlarının və ustad dərslərinin təşkilini tövsiyə ediblər. Beynəlxalq təcrübə mübadiləsinin və multidissiplinar mütəxəssis komandalarının formalaşdırılmasının vacibliyi də xüsusi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır