Ürək, diabet və böyrək xəstələrinə "El Nino" xəbərdarlığı
28.06.2026 10:30

Bu yay havanın temperaturunun mövsüm normalarını üstələyəcəyi gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, artan istilər xüsusilə ürək-damar, şəkərli diabet və böyrək xəstəliklərindən əziyyət çəkən insanların sağlamlığı üçün ciddi risk yarada bilər. Həmçinin yaşlılar, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslərə daha ehtiyatlı olmaları tövsiyə edilir.

Aztibb.az "Yenisafak" qəzetinə istinadən yazır ki, Hacettepe Universitetinin professoru Cavit Işık Yavuz bildirib ki, "El Nino" hadisəsinin təsiri nəticəsində dünyanın bir çox bölgəsində ekstremal isti hava müşahidə olunur. Avropada istilərlə əlaqədar bir sıra qabaqlayıcı tədbirlər görülüb, bəzi ərazilərdə isə hətta qırmızı xəbərdarlıq elan edilib.

Professor qeyd edib ki, təkcə istilik deyil, havadakı rütubətin artması da sağlamlıq üçün ciddi təhlükə yaradır.

İsti spazmları ilk xəbərdarlıq əlamətidir

Professor bildirib ki, yüksək temperatur və rütubətin birlikdə artması orqanizmin ətraf mühitə uyğunlaşma mexanizmlərini çətinləşdirir və nəticədə istilik stresi yaranır.

Onun sözlərinə görə, istilik stresi yüngül narahatlıqlardan başlayaraq günvurma, huşun itməsi və hətta komaya qədər gedib çıxa bilən ağır sağlamlıq problemlərinə səbəb ola bilər. Orqanizm bədən temperaturunu tənzimləmək üçün tərləmə yolu ilə özünü soyutmağa çalışır. Lakin bu proses zamanı bədəndən xeyli miqdarda su və minerallar itirilir.

Professor əlavə edib ki, həddindən artıq istilər günəş yanıqları, istilik səpgiləri və əl-ayaqlarda şişkinlik kimi yüngül əlamətlərlə yanaşı, həyati təhlükə yaradan günvurma ilə də nəticələnə bilər.

"Qol və ayaqlarda yaranan istilik spazmları orqanizmin yüksək temperaturdan təsirlənməyə başladığını göstərən ilk xəbərdarlıq əlamətlərindəndir." – deyə o vurğulayıb.

İsti hava dalğalarında gündə 2,5–3 litr su içmək tövsiyə olunur

Professor bildirib ki, belə hallarda kifayət qədər maye qəbul etmək həyati əhəmiyyət daşıyır.

"Sağlam bir yetkin insan isti hava dalğaları zamanı gündə ən azı 2,5–3 litr su içməlidir. Ümumdünya Səhiyyə Təşkilatı da hər saat ən azı bir stəkan su içməyi və su qəbulunu gün ərzində bərabər şəkildə bölməyi tövsiyə edir. Tərkibində kofein olan, şəkərli və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki kofein sidik ifrazını artıraraq orqanizmdən daha çox maye itkisinə səbəb olur."

Ürək, diabet və böyrək xəstələrində risk artır

Professorun sözlərinə görə, isti hava dalğaları təcili tibbi yardım şöbələrinə müraciətlərin sayını da artırır.

"İstilik spazmları hər zaman insanları xəstəxanaya müraciət etməyə məcbur etməsə də, istilik tükənməsi adlandırılan daha ağır vəziyyət mövcuddur. Bu zaman insan özünü həddindən artıq halsız hiss edir və ayağa qalxmaqda çətinlik çəkir. Bu, vəziyyətin ağırlaşdığını göstərir. Xüsusilə ürək-damar, diabet və böyrək xəstələrində təcili yardım müraciətlərinin sayı artır. Günvurma zamanı isə orqanizmin temperatur tənzimləmə mexanizmi pozulur, huşun itməsi və həyati təhlükə yaranır. Belə hallarda dərhal təcili tibbi yardım göstərilməlidir."

O, həmçinin bildirib ki, yüksək temperatur havanın keyfiyyətini də pisləşdirir və bu, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanların vəziyyətini ağırlaşdıra bilər.

Uşaqları, yaşlıları və ev heyvanlarını avtomobildə qoymayın

Professor vurğulayıb ki, yüksək temperatur bəzi əhali qrupları üçün daha böyük təhlükə yaradır.

"65 yaşdan yuxarı insanlarda orqanizmin istiyə uyğunlaşma qabiliyyəti zəifləyir. Uşaqlarda isə bu mexanizm tam formalaşmayıb. Hamilə qadınlar, həmçinin böyrək, qaraciyər və ürək xəstəlikləri olan şəxslər də yüksək temperaturdan daha tez və daha ağır şəkildə təsirlənirlər."

Mütəxəssis vətəndaşlara günəş şüalarının ən güclü olduğu saatlarda çölə çıxmamağı tövsiyə edib.

Onun sözlərinə görə, isti havalarda ev və iş yerlərinin sərin saxlanılması vacibdir. Kondisionerlərin 20–25°C arasında işlədilməsi, yaşayış məkanlarında isə otaq temperaturunun təxminən 22–23°C olması məqsədəuyğun hesab edilir.

Professor "El Nino" fenomeninin əksər bölgələrdə temperaturun daha da yüksəlməsinə səbəb ola biləcəyini qeyd edərək xəbərdarlıq edib: "Hava isti olduqda uşaqları, yaşlıları və ev heyvanlarını, hətta kondisioner işləsə belə, avtomobildə tək qoymaq olmaz. Çünki çöldə temperatur 27°C olduqda avtomobilin salonunda istilik qısa müddətdə xeyli yüksələ bilər."

Sonda professor bildirib ki, halsızlıq, gücsüzlük, ürəkbulanma, qusma və baş ağrısı günvurmanın ilkin əlamətləri ola bilər. Əgər huşun bulanması, bayılma və ya qıcolma baş verərsə, vaxt itirmədən təcili tibbi yardım xidmətinə müraciət edilməlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub