Ekspert arıqlama preparatlarının ölümcül fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib
25.06.2026 12:49

“RNC Pharma” Analitik Şirkətinin inkişaf üzrə direktoru Nikolay Bespalov arıqlamaq məqsədilə istifadə olunan preparatların ciddi və hətta ölümcül təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.

Aztibb.az "Medikforum"a istinadən yazır ki, ekspert müsahibəsində bildirib ki, çəki azaltmağa yönəlmiş preparatlar son dövrlər getdikcə daha çox populyarlıq qazanır. Bir çox insanlar onları pəhriz və fiziki aktivlik olmadan arıqlamağın asan yolu kimi qəbul edir. Halbuki bu dərmanlar ilkin olaraq şəkərli diabetin müalicəsi üçün hazırlanıb və onların istifadəsi mütləq tibbi nəzarət altında aparılmalıdır.

Nikolay Bespalovun sözlərinə görə, bu preparatların nəzarətsiz qəbulu ağır nəticələrə səbəb ola bilər. Söhbət yalnız ürəkbulanma, ümumi halsızlıq və ya allergik reaksiyalardan deyil, həm də görmə pozğunluqları kimi daha ciddi fəsadlardan gedir.

Ekspert vurğulayıb ki, özünü artıq çəkili hesab edən hər kəs əslində piylənmədən əziyyət çəkmir. Bəzi hallarda problem psixoloji xarakter daşıyır və mütəxəssis dəstəyi tələb edir. O, özbaşına dərman qəbul etmək əvəzinə balanslaşdırılmış qidalanma, müntəzəm fiziki aktivlik və peşəkar tibbi müşayiəti əhatə edən kompleks yanaşmanı tövsiyə edib.

İyunun 22-də digər ekspert Sergey Şulyak da bəyan edib ki, “Ozempic” və onun analoqlarının istifadəsi fonunda ayrı-ayrı hallarda anoreksiya və qidalanma davranışı pozğunluqları müşahidə olunub. O qeyd edib ki, hətta reseptsiz satılan preparatların qəbulundan əvvəl belə endokrinoloq məsləhəti almaq vacibdir.

Bununla yanaşı, ABŞ alimlərinin son araşdırmaları müasir arıqlama preparatlarının bəzi xərçəng növlərinin inkişaf riskini azalda biləcəyini göstərib. Eyni zamanda mütəxəssislər interval aclıq metodunun da müəyyən risklər daşıdığını bildirirlər. Onların fikrincə, bu yanaşma daha çox gənc insanlar üçün uyğun hesab olunsa da, 50 yaşdan yuxarı şəxslərdə ehtiyatla tətbiq edilməlidir. Belə ki, uzunmüddətli aclıq zamanı orqanizm yağ ehtiyatları ilə yanaşı əzələ kütləsini də itirə bilər.

Diyetoloq-nutritionist Roman Pristanski isə bildirib ki, sərt pəhrizlər və qida rasionundan bütöv məhsul qruplarının çıxarılması sağlamlığa zərər verə bilər. Onun sözlərinə görə, sağlamlıq üçün risk təkcə məhdudiyyətlərlə deyil, həm də həddindən artıq qidalanma ilə bağlıdır.

Mütəxəssislər həmçinin arıqlama dərmanlarının daha ucuz analoqları ilə əvəz edilməsinin də müəyyən risklər yaratdığını qeyd edirlər. Orijinal preparatlarla analoqlar arasındakı qiymət fərqi çox vaxt tərkib fərqlərindən qaynaqlanır. Bu komponentlərdən biri olan benzil spirti qaraciyər və böyrək funksiyaları pozulmuş şəxslərdə uzunmüddətli istifadə zamanı orqanizmdə toplana bilər və əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır