Dermatoveneroloq Nigar Abdullayeva: "Papillomaların nəzarətsiz şəkildə aradan qaldırılmasına cəhd etmək düzgün deyil"
26.06.2026 09:21

Papilloma insan papilloma virusunun (HPV) təsiri nəticəsində əmələ gələn xoşxassəli törəmədir. Bu virus dünyada ən geniş yayılmış infeksiyalardan biri hesab olunur və bir çox hallarda uzun müddət heç bir əlamət vermədən orqanizmdə qala bilir. İmmunitet sisteminin zəifləməsi, stress, hormonal dəyişikliklər, qeyri-sağlam həyat tərzi və bəzi xroniki xəstəliklər virusun aktivləşməsinə səbəb ola bilər. Nəticədə dərinin müxtəlif nahiyələrində, xüsusilə boyun, qoltuqaltı, üz və göz qapaqlarında papillomalar əmələ gəlir.

 

Bu barədə Aztibb.az-a məlumat verən həkim-dermatoveneroloq Nigar Abdullayevanın sözlərinə görə, papillomaların əksəriyyəti xoşxassəli olsa da, onların nəzarətsiz şəkildə aradan qaldırılmasına cəhd etmək düzgün deyil. Həkimin sözlərinə görə, insanlar bəzən internetdə rast gəldikləri məsləhətlərə əsaslanaraq və ya müxtəlif xalq üsullarından istifadə etməklə papillomaları qoparmağa çalışırlar ki, bu da arzuolunmaz nəticələrə səbəb ola bilər.
 

Mütəxəssis bildirib ki, hər hansı yeni yaranmış dəri törəməsi mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Çünki bəzi hallarda papillomalar ölçü və say baxımından arta, travmaya məruz qalaraq iltihablana və ya digər dəri problemləri ilə qarışdırıla bilər. Buna görə də düzgün diaqnozun qoyulması və uyğun müalicə üsulunun seçilməsi vacibdir. Hazırda tibbdə lazer terapiyası, krioterapiya, elektrokoaqulyasiya və digər müasir üsullar vasitəsilə papillomaların təhlükəsiz şəkildə aradan qaldırılması mümkündür.

 

Həkim, eyni zamanda, profilaktik tədbirlərin əhəmiyyətini də vurğulayıb: “Şəxsi gigiyena qaydalarına riayət olunması, immun sisteminin gücləndirilməsi, sağlam qidalanma və mütəmadi tibbi müayinələr papilloma virusunun yaratdığı risklərin azaldılmasına kömək edir. İnsanların öz sağlamlıqlarına diqqətli yanaşması və dəridə müşahidə olunan dəyişiklikləri vaxtında mütəxəssisə göstərməsi gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasında mühüm rol oynayır.”- deyə Nigar Abdullayeva qeyd edib.

 

Papilloma ilk baxışdan ciddi təhlükə yaratmayan bir problem kimi görünsə də, sağlamlığa məsuliyyətli yanaşma hər bir dəyişiklikə diqqət yetirməyi tələb edir. Mütəxəssislərin də vurğuladığı kimi, vaxtında aparılan müayinə və düzgün müalicə həm sağlamlığın qorunmasına, həm də mümkün fəsadların qarşısının alınmasına xidmət edir. Cəmiyyətin bu mövzuda maariflənməsi isə insanların daha sağlam və təhlükəsiz həyat sürməsinə töhfə verən vacib amillərdən biridir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır