Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
16.06.2026 16:25

Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin (HTBİ) Elmi Təcrübə Mərkəzində “Prostat Xərçənginin Diaqnostikasında MR-Fusion Prostat Biopsiyası” texnologiyasının tətbiqinin müasir aspektlərinə həsr olunmuş elmi simpozium keçirilib.

 

Aztibb.az xəbər verir ki, toplantı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış memorandum əsasında təşkil olunub.

 

Simpoziuma DTX HTBİ Elmi Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan və Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, “Radiologiya” kafedrasının müdiri, professor, tibb elmləri doktoru Məlahət Sultan həmsədrlik edib.

 

Simpoziumda ölkəmizdə ilk dəfə məhz DTX HTBİ-də tətbiq olunan MR-Fusion texnologiyasının prostat xəstəliklərinin diaqnostikasındakı rolundan bəhs olunub. Çıxışlarda metodun klinik təcrübəyə gətirdiyi üstünlüklər, ilk nəticələr və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

 

Tədbirdə t.e.d. Rəşad Şolanın, professor Səbinə Şadlinskayanın, dosent Mətanət Pənahovanın, t.ü.f.d. İldırım Babayevin, t.ü.f.d. Mahmud Bağırzadənin və Dr. Seymur Kərimovun məruzələri böyük maraqla qarşılanıb.

 

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri professor Rauf Nağıyev, professor İlham Əhmədov, professor Akif Bağırov, dosent Elçin Əfəndiyev və Milli Onkologiya Mərkəzinin direktor müavini, tibb elmləri doktoru Fuad Quliyev məruzələr ətrafında maraqlı diskussiyalar aparıblar.

 

MR-Fusion biopsiyası nə üçün önəmlidir?

 

Prostat xərçəngi dünyada kişilər arasında ən geniş yayılmış onkoloji xəstəliklərdən biridir. Xəstəliyin erkən və dəqiq aşkarlanması müalicə taktikasına və yekun nəticəyə birbaşa təsir göstərir.

 

Ənənəvi sistemli biopsiya zamanı toxuma nümunələri prostatın müxtəlif nahiyələrindən təxmini qaydada götürülür. Bu yanaşma klinik əhəmiyyətli şişlərin bir hissəsini nəzərdən qaçıra, eyni zamanda təhlükə daşımayan ocaqların artıq aşkarlanmasına səbəb ola bilir.

 

MR-Fusion biopsiyası multiparametrik maqnit-rezonans tomoqrafiya (mpMRT) təsvirlərini real vaxt rejimində aparılan ultrasəs təsviri ilə birləşdirir. Şübhəli ocaqlar əvvəlcədən MRT vasitəsilə müəyyən edilir, PI-RADS şkalası üzrə qiymətləndirilir və biopsiya zamanı dəqiq hədəflənərək nümunə götürülür.

 

Bu metod klinik əhəmiyyətli prostat xərçənginin aşkarlanma dərəcəsini artırır, müalicə tələb etməyən az təhlükəli şişlərin lazımsız aşkarlanmasını azaldır, daha az sayda nümunə ilə daha dəqiq nəticə əldə etməyə imkan verir və aktiv müşahidəyə uyğun xəstələrin seçilməsini asanlaşdırır. Beləliklə, xəstə üçün həm diaqnostik dəqiqlik artır, həm də əlavə müdaxilə riski azalır.

 

Simpozium ölkəmizdə prostat xərçənginin diaqnostikasında müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasındakı elmi əməkdaşlığın bu istiqamətdə davam etdirilməsi nəzərdə tutulur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”