Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
16.06.2026 14:09
ATU-nun Tədris Cərrahiyyə Klinikasında ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub.
 
Aztibb.az-a Klinikadan verilən məlumata görə, Plastik cərrahiyyə şöbəsinin müdiri Adil Cümşüdovun rəhbərliyi ilə aparılan əməliyyat zamanı nekrotizan fassiit səbəbilə yaranmış dərin yaralar cərrahi müdaxilə ilə aradan qaldırılıb və zədələnmiş nahiyənin bərpası təmin olunub.
 
Adil Cümşüdovun sözlərinə görə, nekrotizan fassiit dərialtı yumşaq toxumaların sürətlə yayılaraq toxuma ölümünə səbəb olan ağır bakterial infeksiyasıdır. Əməliyyat olunan pasiyentin ayağının böyük bir hissəsində geniş miqyaslı və dərin yaralar əmələ gəlib. Əməliyyat zamanı nekrozlaşmış toxumalar tam təmizləndikdən sonra hər iki aşağı ətrafdan geniş dəri parçaları götürülərək zədələnmiş sahələrin örtülməsi üçün köçürülüb.
 
Mütəxəssis bildirir ki, bu tip yaralar çox gec sağalır, öz-özünə bərpası olduqca çətindir. Məhz buna görə bu xəstəlik zamanı ən mühüm müalicə üsullarından biri - dəri transplantasiyasıdır: “Dəri köçürülməsi üçün ilk növbədə nekrozlaşmış toxumalar tam təmizlənməlidir. Yara infeksiyadan azad edilməli və qranulyasiya toxuması ilə örtülü olmalıdır ki, köçürülən dəri həmin sahəyə yaxşı adaptasiya olunsun”.
 
Həkimin sözlərinə görə, əməliyyatın uğurla sonlanmasını şərtləndirən digər əsas amil - dərinin düzgün texnika ilə götürülməsidir. Bu məqsədlə Tədris Cərrahiyyə Klinikasında mövcud olan müasir elektrikli dermatom cihazlarından istifadə olunur. Bu texnologiya dərinin optimal qalınlıqda və dəqiqliklə götürülməsinə imkan yaradır.
 
Ümumilikdə dəri köçürülməsindən təxminən 4 gün sonra sarğılar açılır və ilkin nəticələr qiymətləndirilir. Tam sağalma və toxumaların bərpası isə adətən 20–30 gün çəkir. Köçürülmüş dərinin təxminən 90 faizdən çoxu köçürüldüyü sahəyə uğurla adaptasiya olunur, ən yaxşı hallarda bu göstərici 95–100 faizə çata bilir.
 
Adil Cümşüdov əlavə edib ki, bu tip ağır infeksion və travmatik yaralardan savayı, II və III dərəcəli yanıq hallarında da dəri köçürülməsi geniş tətbiq olunur. Bu metod üz, gövdə və bədənin müxtəlif nahiyələrində yaranan geniş toxuma defektlərinin bərpasında effektiv nəticələr verir.
 
Qeyd edək ki, TCK-da dəri köçürülməsi üzrə əməliyyat olunan pasiyentin vəziyyəti stabildir, sağalma prosesi müsbət dinamika göstərir və yaxın günlərdə evə buraxılması gözlənilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır