İyunun 8-də AMEA-nın Əsas binasında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, respublika səhiyyəsinin təşkilatçılarından biri, akademik Vəli Axundovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Aztibb.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda akademik Vəli Axundovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra AMEA-nın Əsas binasında akademik Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görkəmli alim və dövlət xadimi Vəli Axundovun Azərbaycanın ictimai-siyasi və elmi həyatında mühüm izlər qoymuş şəxsiyyətlərdən biri olduğunu bildirib. Qeyd edib ki, akademik Vəli Axundov 1954-1958-ci illərdə Azərbaycanın səhiyyə naziri kimi fəaliyyət göstərərək bu sahənin inkişafında əvəzsiz xidmətlər göstərib. O, həm həkim, həm də böyük təşkilatçı kimi səhiyyənin bütün istiqamətlər üzrə yenidən qurulması və sistemli şəkildə inkişaf etdirilməsində yaxından iştirak edib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Vəli Axundov ziyalı keyfiyyətlərini özündə birləşdirən nüfuzlu dövlət xadimi kimi sonralar Azərbaycan SSR Nazirlər Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi son dərəcə məsul və yüksək vəzifələrdə çalışıb. Bu illərdə o, xalqını sevən, milli dəyərləri qoruyan rəhbər kimi ölkədə sənayeləşmə prosesinə, eləcə də kənd təsərrüfatının inkişafına mühüm töhfələr verib.
AMEA rəhbəri akademik Vəli Axundovun eyni zamanda çoxsaylı şeirlərin müəllifi olduğu da xatırladıb və bu faktın alimin zəngin daxili mənəvi aləmini, geniş dünyagörüşünü aydın şəkildə nümayiş etdirdiyi diqqətə çatdırıb.
O, Azərbaycan xalqının yaddaşında dərin hörmətlə yaşayan akademik Vəli Axundovun dövlətçilik fəaliyyətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib, bu yüksək qiymətin ifadəsi olaraq Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə görkəmli alimin 80 illik yubileyi qeyd edilib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında isə alimin 100 illik yubileyi dövlət səviyyəsində keçirilib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli görkəmli alimin 110 illiyinə həsr olunmuş yubiley tədbirinin elmi ideyaların yenilənməsinə və Vəli Axundovun zəngin elmi irsinə yenidən işıq salınmasına xidmət edəcəyini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev akademik Vəli Axundovun həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. Nazir bildirib ki, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan tarixində özünəməxsus yer tutan akademik Vəli Axundov zəhmət və istedadın vəhdətini təcəssüm etdirən nadir şəxsiyyətlərdəndir. Kənd məktəbində təhsil alaraq böyük həyat yolu keçən Vəli Axundovun respublika rəhbərliyinə qədər yüksəlməsi onun əzmkarlığının və yüksək potensialının bariz nümunəsidir.
Temur Musayev qeyd edib ki, akademik Vəli Axundov siyasi və dövlət xadimi kimi mühüm xidmətlər göstərməklə yanaşı, elm sahəsində də böyük zirvələr fəth edib. O, 5 monoqrafiya, 11 elmi-kütləvi kitabça, 150-dən artıq elmi əsər, eləcə də mədəniyyət, iqtisadiyyat və ictimai-siyasi mövzuları əhatə edən 350-dən çox məqalə və çıxışın müəllifi olub. Alimin formalaşdırdığı elmi məktəbin irsi bu gün də tibb ictimaiyyəti və ziyalılar üçün dəyərli mənbə kimi aktuallığını qoruyur.
Nazir 1996-cı ildə akademik Vəli Axundovun 80 illik yubileyində Ulu Öndər Heydər Əliyevin çıxışını xatırladaraq Ümummilli Liderin onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndər çıxışında akademik Vəli Axundovun geniş dünyagörüşü, dərin biliyi və ziyalı mövqeyi ilə seçildiyini, yalnız siyasi sahədə deyil, mədəniyyət və tarix məsələlərində də dolğun biliklərə malik olduğunu, xalqını sevən, onun dilinə və adət-ənənələrinə böyük hörmətlə yanaşan şəxsiyyət kimi tanındığını qeyd edib.
“Akademik Vəli Axundovun Azərbaycanla bağlı arzularının reallaşması onun xatirəsinə ən böyük ehtiramın göstəricisidir”, – deyən nazir Teymur Musayev vurğulayıb ki, Azərbaycan dili və milli-mənəvi dəyərlər bu gün müstəqil və qüdrətli Azərbaycan dövlətində layiqli yer tutur, Vəli Axundovun təəssübkeşi olduğu Azərbaycan səhiyyəsi və təbabəti isə davamlı şəkildə inkişaf edir. Azərbaycanda ilk elmi-tədqiqat institutu kimi yaradılmış və yüz ildən artıq tarixə malik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu görkəmli alimin adını bu gün də böyük şərəf və hörmətlə daşıyır.
Teymur Musayev akademik Vəli Axundovun vətən və xalq qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyib, bugünkü yubiley tədbirinin bu böyük şəxsiyyətə olan dərin hörmət və ehtiramın bariz ifadəsi olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək akademik Vəli Axundovla bağlı xatirələrini bölüşüb. O, Vəli Axundovu ilk dəfə Gəncə şəhərində gördüyünü xatırladaraq, görkəmli alimin ilk görüşdən ədəbiyyata olan dərin marağının və bağlılığının onu təəccübləndirdiyini deyib. Bildirib ki, akademik Vəli Axundov poeziyanı sevən, şeirə böyük həssaslıqla yanaşan bir ziyalı olub, təkcə yerli deyil, eyni zamanda xarici müəlliflərin də şeirlərini əzbər bilib.
Xalq yazıçısı Anar vurğulayıb ki, Vəli Axundov yalnız şeir həvəskarı kimi deyil, həm də özü poetik yaradıcılıqla məşğul olan bir müəllif kimi tanınıb. O, atası - Xalq şairi Rəsul Rza ilə Vəli Axundov arasında səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, bu münasibətlər ortaq mənəvi dəyərlər, ədəbiyyata və milli mədəniyyətə olan bağlılıq üzərində formalaşıb.
“Vəli Axundovun şəxsiyyətində dövlət xadimi məsuliyyəti ilə yaradıcı ziyalı düşüncəsinin vəhdəti aydın şəkildə hiss olunurdu ki, bu da onu müasirləri arasında fərqləndirən əsas cəhətlərdən biri idi.”, - deyə Xalq yazıçısı Anar əlavə edib.
Sonra akademik Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən videoxronika nümayiş olunub.
Yubiley tədbirində Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev akademik Vəli Axundovun ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti haqqında geniş məruzə edib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev çıxış ediblər. Çıxışlarda akademik Vəli Axundovun millət və dövlət quruculuğu sahəsindəki əvəzsiz xidmətləri, geniş ictimai-siyasi və elmi fəaliyyəti, yetişdirdiyi peşəkar kadrlar və zəngin irsi xüsusi vurğulanıb. Bildirilib ki, böyük təşkilatçı və vətənpərvər ziyalı kimi Vəli Axundovun ideyaları, rəhbərliyi dövründə həyata keçirdiyi islahatlar bu gün də yaşayır və o, Azərbaycan salnaməsində daim hörmətlə xatırlanacaq şəxsiyyətlərdəndir.
Sonda Axundovlar ailəsi adından akademik Vəli Axundovun qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova çıxış edərək, atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, Vəli Axundovun həyat amalının elmə, xalqa və dövlətə xidmət olduğunu vurğulayaraq, bu irsin bu gün də yaşadılmasının ailəsi üçün böyük qürur mənbəyi olduğunu qeyd edib.

