Azərbaycan Tibb Universitetində (ATU) Böyük Elmi Şuranın növbəti iclası keçirilib.
Aztibb.az-a ATU-dan verilən xəbərə grə, iclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Ardınca 2025-ci il ərzində Tərbiyə işləri üzrə prorektorluğun fəaliyyəti və qarşıda duran məsələlər haqda prorektor, dosent Mahir Səfərovun hesabat məruzəsi dinlənilib.
vətəndaş yetişdirilməsinin yer aldığını deyən prorektor bildirib ki, bu istiqamətdə görülən işlərin əsas prioriteti universitetin daxili korporativ mühitinin sağlamlaşdırılması, tələbələrin sosial rifahının yüksəldilməsi və ATU-nun cəmiyyətdəki nüfuzunun daha da möhkəmləndirilməsidir: “Tələbələrimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xüsusilə şəhid, qazi və ailə üzvləri, sosial müdafiəyə ehtiyacı olan tələbələrə fərdi yanaşma prinsipləri ilə dəstək mexanizmləri təkmilləşdirilib. Universitetimizin fəaliyyətinin ictimaiyyətə çatdırılmasında ənənəvi media ilə yanaşı, sosial media rersusları və rəqəmsal platformalardan istifadə də maksimum dərəcədə optimallaşdırılıb. Eyni zamanda tələbə gənclər təşkilatları ilə əlaqələrin yeni müstəviyə keçirilməsi, onların idarəetmədə iştirakçılığının artırılması və asudə vaxtın məhsuldar təşkili istiqamətində fundamental addımlar atılıb. Tibbi maarifləndirmə sahəsində həyata keçirdiyimiz sosial layihələr isə ATU-nun həm də ölkənin səhiyyə sisteminin ictimai dayaq nöqtəsi olduğunun göstəricisidir”.
Hesabat dövründə Səhiyyə, Elm və təhsil nazirlikləri, digər dövlət qurumları və müxtəlif təşkilatlardan ATU-ya daxil olan müraciətlərin, sorğuların vaxtında cavablandırıldığını, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü deyən prorektor bu müddətdə icra olunan “Gənc qızların təhsilinə dəstək”, “Brend tələbə” layihələri haqda da məlumat verib. Həmçinin Zəfər Günü, Novruz və Ramazan bayramları münasibətilə şəhid ailələri və valideynləri şəhid olmuş tələbələrimizə Tələbə Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti Komitəsinin maliyyə vəsaiti hesabına yardım göstərildiyini diqqətə çatdırıb.
M.Səfərov tələbələrin hərtərəfli inkişafı üçün onların maarifləndirici tədbirlərdə iştirakının təşkil olunmasına da xüsusi diqqət yetirildiyini vurğulayıb.
Məruzədə prorektorluğun kurasiyasında olan İntizam Komissiyasının fəaliyyətinə də toxunulub və ötən dövr ərzində əsas diqqətin neqativ halların qarşısının alınması və profilaktik işlərin gücləndirilməsinə yönəldiyi vurğulanıb. Həmiçinin ATU-nun Psixoloji Yardım Mərkəzində ötən dövr ərzində konsultasiya xidmətlərinin aktivliyi qeyd edilərək, burada ixtisaslı psixoloqlar tərəfindən emosional, psixo-sosial rifahın yaxşılaşdırılması, stresdən qurtulmaq, şəxsi problemləri həll etmək, habelə sağlam iş həyatı, şəxsi həyat balansının qurulması üçün məxfi dəstək göstərildiyi nəzərə çatdırılıb.
Humanitar aksiyalar, tələbə aktivliyinin stimullaşdırılmasi istiqamətində görülən işlərdən də bəhs edən prorektor M.Səfərov çıxışının sonunda hesabat məruzəsində icra edilən layihələrin effektivliyi və növbəti illərə baxış strategiyasının əks olunduğunu, qurulan düzgün kommunikasiya və sosial dəstək mexanizmlərinin universitetimizin yerli və beynəlxalq reytinqlərdəki mövqeyinə də birbaşa müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvü, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, II Uşaq xəstəlikləri kafedrasının assistenti Qoşqar İsmayılov hesabat məruzəsində toxunulan məsələlərlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda tələbə psixoloji dəstək guşələri, anonim müraciət platformaları və stress-idarəetmə seminarlarının təşkilinə dair təkliflər səsləndirlib. Bildirilib ki, tərbiyə işi sadəcə intizam məsələsi kimi yox, “tələbə həyatının idarə olunması” kimi qurulmalı, maarifləndirmə işi cəza metodlarından öndə durmalıdır.
Həm nailiyyət, həm də çatışmazlıqların məruzədə əks olunduğunu vurğulayan natiqlər, əməkdaşların nizam-intizamı və tələbələrin dərsə davamiyyətinin daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Çıxış edənlər müvafiq sahə üzrə yönləndirilən müraciətlərin araşdırılması və problemlərin öz həllini tapmasında da prorektorluğun işini yüksək qiymətləndiriblər.
Məruzə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən professor Gəray Gəraybəyli Elmi Şuranın iclaslarında müxtəlif sahələrə cavabdeh olan prorektorların hesabat məruzələrinin dinlənilməsini müsbət hal kimi dəyərləndirib. Onların kurasiya etdikləri sahələrə ciddi yanaşmalarının zəruriliyini önə çəkən rektor, bu nöqteyi-nəzərdən universitetdə kifayət qədər çoxşaxəli işlərin görüldüyünü və bu prosesin davam etdiyini vurğulayıb. Bununla belə, nizam-intizam məsələlərinə ciddi yanaşmağın zəruriliyinə diqqət çəkən rektor İctimai Nəzarət Şurasının üzvlərini yalnız imtahanlarda deyil, kafedralarda da reydlər aparılmasına çağırıb və bu işdə tədris şöbəsi, xüsusi monitorinq qrupları, ictimai təşkilatlar və nizam-intizam komissiyasının da fəallığının vacibliyini bildirib.
2026-2027-ci tədris ilinin ATU üçün xüsusi önəm daşımasından da söz açan G.Gəraybəyli 3 ixtisas üzrə 5 illik beynəlxalq akkreditasiyanın müddətinın 2027-ci ildə sona çatacağını xatırladıb. Eyni zamanda universitetin həmin ixtisaslardan əlavə, həm magistr proqramları, həm də yeni açılmış ixtisaslar üzrə Beynəlxalq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyə müraciət etməyə hazır olduğunu qeyd edib.
Çıxışlardan sonra gündəlikdə yer alan digər məsələlər müzakirəyə çıxarılıb. Hazırlıq kursu proqramına “Tibbi biliklərin əsasları” fənninin əlavə olunmasına, “Data Analitika və Süni İntellekt Mərkəzi”nin yaradılmasına və dərslik, dərs vəsaitləri, metodik vəsaitlər, tədris proqramlarının nəşrinə razılıq verən Elmi Şura, Səhiyyə Nazirliyi tərəfindən göndərilən, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən hazırlanmış klinik protokolu və elmi adları təsdiqləməklə öz işini yekunlaşdırıb.

