Sadə bir vərdiş allergik konyunktivitdən kornea transplantasiyasına qədər ağır nəticələrə yol açır
03.06.2026 11:29

Gözləri tez-tez ovuşdurmaq zərərsiz bir vərdiş kimi görünsə də, mütəxəssislər bunun ciddi göz xəstəliklərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

 

Aztibb.az xəbər verir ki, "The Conversation" portalının məlumatına görə, bu vərdiş təkcə qıcıqlanma yaratmır, həm də infeksiyalar, buynuz qişanın zədələnməsi və görmənin pisləşməsi ilə nəticələnə bilər.

Həkimlərin müşahidələrinə əsasən, gözlərdə qaşınma və onları ovuşdurmaq istəyi oftalmoloqa müraciətlərin ən geniş yayılmış səbəblərindən biridir. Bu halların təxminən yarısı allergik konyunktivitlə əlaqədardır.

Allergiya zamanı gözün səthini örtən şəffaf qişada – konyunktivada iltihab prosesi baş verir. Allergenlərin təsiri ilə iltihab mediatorları ifraz olunur ki, bu da qaşınma, qızartı, şişkinlik və narahatlıq hissi yaradır. Gözləri ovuşdurmaq istəyi həmçinin quru göz sindromu, blefarit və ya göz qapaqları dərisinin qıcıqlanması nəticəsində də meydana çıxa bilər.

Mütəxəssislər bildirirlər ki, gözlərin davamlı və güclü şəkildə ovuşdurulması keratokonus xəstəliyinin yaranma riskini artırır. Bu xəstəlik zamanı buynuz qişa tədricən nazilir və deformasiyaya uğrayaraq konus formasını alır. Nəticədə görmə zəifləyir və ifadəli astiqmatizm inkişaf edir.

Hazırda keratokonusun müalicəsində buynuz qişanın strukturunu möhkəmləndirən krosslinkinq üsulundan istifadə olunur. Lakin ağır hallarda xüsusi kontakt linzalara və hətta buynuz qişa transplantasiyasına ehtiyac yarana bilər.

Bundan əlavə, gözlərin həddindən artıq ovuşdurulması buynuz qişanın səthində ağrılı cızıqların əmələ gəlməsinə səbəb ola bilər. Belə zədələnmələr infeksiya riskini artırır və antibiotiklərlə müalicə tələb edə bilər.

Digər mümkün fəsadlardan biri subkonyunktival qanaxmadır. Bu zaman kiçik qan damarlarının zədələnməsi nəticəsində gözün ağ hissəsi parlaq qırmızı rəng alır. Həmçinin əllər vasitəsilə asanlıqla yayılan konyunktivitin ("çəhrayı göz" sindromu) inkişaf etməsi də mümkündür.

Qaşınmanı azaltmaq üçün həkimlər süni göz yaşı preparatlarından, soyuq kompreslərdən istifadə etməyi və allergenlərlə təmasdan mümkün qədər uzaq durmağı tövsiyə edirlər. Gün eynəyi taxmaq və açıq havada olduqdan sonra üzün yuyulması da faydalı hesab olunur.

Oftalmoloqlar göz qızartısını aradan qaldıracağını vəd edən bəzi damcılardan ehtiyatla istifadə etməyi məsləhət görürlər. Onların təsiri adətən qısamüddətli olur və əlavə yan təsirlərə səbəb ola bilər. Əlamətlər uzun müddət davam etdikdə isə mütləq həkimə müraciət etmək lazımdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır